Az | EN

Aİ TikTok-dan dizaynını dəyişməyi tələb edir

Cəmil Hüseynzadə
06 Fevral 2026 17:26
47 baxış
Aİ TikTok-dan dizaynını dəyişməyi tələb edir

Avropa Komissiyası TikTok platformasından istifadəçi davranışında asılılıq yaradan dizayn elementlərini dəyişməyi tələb edib.

Komissiyanın açıqladığı ilkin nəticələrə görə, TikTok-un mövcud interfeysi Avropa İttifaqının “Rəqəmsal Xidmətlər Aktı”nı (Digital Services Act – DSA) pozur. Sənəddə qeyd olunur ki, tətbiqdəki sonsuz skroll (endless scroll), videoların avtomatik başlaması, push-bildirişlər və fərdiləşdirilmiş tövsiyə alqoritmləri istifadəçilərdə asılılıq yaradır.

Avropa Komissiyasının bəyanatında bildirilir ki, TikTok bu funksiyaların istifadəçilərin, xüsusilə də yetkinlik yaşına çatmayanlar və həssas qruplar üzərində fiziki və psixoloji təsirlərini lazımi səviyyədə qiymətləndirməyib.

Hesabatda hətta platformanın istifadəçilərin beynini daimi yeni məzmunla “mükafatlandıraraq” onları “avtopilot rejiminə” keçirdiyi və videolara baxmağa davam etmə istəyi yaratdığı vurğulanır.

Komissiyanın fikrincə, TikTok-un risk qiymətləndirməsində mühüm göstəricilər — məsələn, azyaşlıların gecə saatlarında tətbiqdən istifadə müddəti, tətbiqin gün ərzində neçə dəfə açılması və digər obsesiv istifadə göstəriciləri nəzərə alınmayıb.

Sənəddə həmçinin qeyd olunur ki, TikTok-da mövcud olan ekran vaxtı nəzarəti və valideyn nəzarəti alətləri asılılıq yaradan dizaynla bağlı riskləri effektiv şəkildə azaltmağa imkan vermir.

“Bu mərhələdə Komissiya hesab edir ki, TikTok öz xidmətinin əsas dizaynını dəyişməlidir”, – deyə açıqlamada bildirilir.

Qeyd edək ki, bu nəticələr Avropa İttifaqının TikTok-la bağlı apardığı dərinləşdirilmiş araşdırmanın yekun qərarı hesab edilmir və proses davam edir.

© copyright 2022 | tech.az | info@tech.az