Coinbase kriptovalyuta birjası proqnoz bazarları sahəsində ixtisaslaşmış The Clearing Company startapını satın almaq üçün razılığa gəlib. Satınalmanın həm nağd vəsait, həm də səhmlər vasitəsilə həyata keçiriləcəyi bildirilsə də, sövdələşmənin dəqiq məbləği açıqlanmayıb. Startapın təxminən on nəfərdən ibarət komandası fəaliyyətini Coinbase tərkibində davam etdirəcək.
Bu satınalma Coinbase-in proqnoz bazarları sektorundakı mövqeyini gücləndirmək strategiyasının bir hissəsidir. Şirkət bu ilin dekabr ayında "Kalshi" platforması ilə tərəfdaşlıq çərçivəsində öz proqnoz bazarını istifadəyə verdiyini elan etmişdi. The Clearing Company-nin alınması bu yeni istiqamətin daha sürətli böyüməsinə və blokçeyn əsaslı proqnoz platformasının təkmilləşdirilməsinə xidmət edəcək. Qeyd edək ki, startapın qurucusu Toni Cemayel əvvəllər bu sahənin aparıcı oyunçuları olan "Polymarket" və "Kalshi" şirkətlərində çalışıb.
Proqnoz bazarları istifadəçilərə seçkilərin, biznes sövdələşmələrinin və ya təbiət hadisələrinin nəticələrinə dair proqnozlar verməyə və bunun üzərindən qazanc əldə etməyə imkan verir. Bu növ platformalar xüsusilə 2024-cü ildə ABŞ-dəki prezident seçkiləri fonunda böyük populyarlıq qazanıb. Hazırda bu sahədə ən böyük rəqiblərdən biri olan "Polymarket"in uğurları digər iri kriptovalyuta platformalarının da bu sektora marağını artırıb.
