Türk startapı HrPanda, İzmir mərkəzli HubX studiyasından 500 min dollar investisiya əldə edib. Ötən ilin mart ayında 250 min dollar yatırım alan startap, təxminən bir il yarım fasilədən sonra növbəti maliyyə dəstəyini təmin edib.
2022-ci ildə qurulan HrPanda, yeni nəsil işə qəbul və namizəd izləmə sistemi təqdim edir. Startap bu yeni vəsaiti texnoloji infrastrukturunu gücləndirmək və süni intellekt imkanlarını daha yüksək səviyyəyə çatdırmaq üçün istifadə edəcək. Startapın əsas hədəfi insan resursları departamentlərinin bütün ehtiyaclarına cavab verən hərtərəfli süni intellekt asistanına çevrilməkdir.
Hazırda ikas, Getir Araç, Figopara və Mükellef kimi tanınmış şirkətlər HrPanda-nın xidmətlərindən istifadə edirlər. Bu platforma vasitəsilə müəssisələr öz karyera səhifələrini yarada, namizəd bazası formalaşdıra və yeni istedadlarla asanlıqla ünsiyyət qura bilirlər.
