Az | EN

iPhone 18 2026-cı ilin sentyabr ayında təqdim olunacaq

Nigar Sultanli
23 Dekabr 2025 10:59
46 baxış
iPhone 18 2026-cı ilin sentyabr ayında təqdim olunacaq

Apple şirkəti iPhone 18 smartfonlarının sınaq istehsalına 2026-cı ilin mart ayında start verəcək. Yeni modelin ilkin istehsal prosesinin Çindəki Yeni il tətillərindən dərhal sonra başlaması planlaşdırılır. Şirkətin istehsalat zəncirinin çinli tərəfdaşlardan asılı olması səbəbindən zavodlar normal iş rejiminə qayıdan kimi işlər sürətlənəcək.

Artıq iPhone 18 Pro modelinin istehsal xətləri hazırlanıb və bu, cihazın dizaynının, texniki göstəricilərinin artıq dəqiqləşdiyini göstərir. Yeni flaqman modelinin xarici görünüş baxımından iPhone 17 Pro-dan kəskin fərqlənməyəcəyi gözlənilir. Apple-ın əsas diqqəti cihazın daxili performansına, xüsusilə də süni intellekt imkanlarını dəstəkləyən daha güclü prosessorlara yönəldəcəyi bildirilir.

Hər il olduğu kimi, Apple iPhone 18 seriyasını 2026-cı ilin sentyabr ayında keçiriləcək rəsmi tədbirdə ictimaiyyətə təqdim edəcək. İstehsalın mart ayında başlaması şirkətə payızdakı rəsmi satışlar üçün kifayət qədər məhsul ehtiyatı toplamağa imkan verəcək.

© copyright 2022 | tech.az | info@tech.az