Az | EN

Databricks 134 milyard dollar dəyərləndirmə ilə 4 milyard dollar investisiya aldı

Nigar Sultanli
17 Dekabr 2025 11:21
42 baxış
Databricks 134 milyard dollar dəyərləndirmə ilə 4 milyard dollar investisiya aldı

Məlumatların təhlili sahəsində ixtisaslaşan Databricks startapı 134 milyard dollar dəyərləndirmə ilə 4 milyard dollar investisiya cəlb edib. Bu raundda "Insight Partners", "Fidelity Management & Research Company", "JPMorgan Asset Management" və "Andreessen Horowitz" kimi şirkətlər iştirak edib.

Startap əldə edilən vəsaiti müştərilərinə öz məlumatları əsasında süni intellekt tətbiqləri və agentləri yaratmağa kömək etmək üçün istifadə edəcək.

2013-cü ildə bir qrup alim tərəfindən qurulan Databricks böyük həcmli məlumatların sürətli emalı və təhlilə hazırlanması üçün proqram təminatı hazırlayır. Startap böyük miqdarda və müxtəlif növ məlumatların saxlanması üçün təklif etdiyi alternativ texnologiya sayəsində məşhurlaşıb. Onun təqdim etdiyi həllər şirkətlərə bulud proqramlarını asanlıqla işə salmaq, tənzimləmək və yeniləmək imkanı verir.

Bundan əlavə, Databricks açıq mənbəli süni intellekt modelləri də yaradır. Məsələn, startap 2023-cü ildə DBRX adlı açıq mənbəli modelini ictimaiyyətə təqdim etmişdi.

© copyright 2022 | tech.az | info@tech.az