Az | EN

Deutsche Telekom və Nvidia Almaniyada sənaye yönümlü süni intellekt buludu quracaq

Nigar Sultanli
16 İyun 2025 14:27
56 baxış
Deutsche Telekom və Nvidia Almaniyada sənaye yönümlü süni intellekt buludu quracaq

Almaniyanın telekommunikasiya nəhəngi Deutsche Telekom və ABŞ-nin qabaqcıl çip istehsalçısı Nvidia, Almaniyada sənaye yönümlü ilk süni intellekt buludunu yaratmaq üçün strateji əməkdaşlığa başlayıb. Layihənin 2026-cı ilədək tam şəkildə fəaliyyətə keçməsi planlaşdırılır.

Avropada öz növündə ilk olacaq bu bulud infrastrukturu, istehsal sahəsində fəaliyyət göstərən müəssisələr üçün dizayn, mühəndislik, simulasiya, rəqəmsal əkiz və robototexnika kimi tətbiqləri sürətləndirmək məqsədi daşıyır. Nvidia bu məqsədlə 10 min ədəd süni intellekt çipi təqdim edəcək, Deutsche Telekom isə məlumat mərkəzləri, təhlükəsizlik, əməliyyat və satış sistemlərini təmin edəcək. Yeni texnoloji mərkəz həm də AI həllərinin tətbiqini genişləndirəcək.

Almaniyanın kansleri Fridrix Mers layihəni alqışlayaraq bildirib ki, bu əməkdaşlıq ölkənin rəqəmsal suverenliyini və iqtisadi inkişafını təmin etmək baxımından mühüm addımdır. Nvidia-nın CEO-su Censen Huang isə süni intellekt dövründə hər bir istehsalçının biri məhsul istehsal edən, digəri isə onu gücləndirən süni intellekt yaradan olmaqla iki “zavoda” ehtiyacı olduğunu vurğulayıb.

Deutsche Telekom-un CEO-su Timotheus Höttges isə qeyd edib ki, Avropanın texnoloji gələcəyi yalnız sürətli qərarlar və əməkdaşlığa əsaslanan innovasiyalarla mümkün olacaq. Bu təşəbbüs, eyni zamanda Avropanın qlobal texnologiya yarışında liderliyə iddiasını gücləndirməyə xidmət edir.

© copyright 2022 | tech.az | info@tech.az