Daxili İşlər Nazirliyi (DİN) kibertalamalarla bağlı əhaliyə çağırış edib.
Qeyd olunur ki, fırıldaqçılar vətəndaşlara zəng edərək, mesaj yazaraq və ya şübhəli linklər göndərərək özlərini "bank mütəxəssisi" kimi təqdim edirlər. Onlar qurbanları inandırmağa çalışırlar ki, guya onların kartına "kibermüdaxilə" olunub və vəsaitləri oğurlanmaq təhlükəsi altındadır. Bu yolla panika yaradıb, "pulunuzun təhlükəsizliyi üçün kart məlumatlarınızı təqdim edin" tələbi ilə məxfi məlumatları ələ keçirməyə çalışırlar.
Daha təhlükəli hal isə dələduzların artıq görüntülü zənglərdən istifadə etməsidir. Bu üsul onlara daha inandırıcı görünməyə, qurbanı yönləndirməyə və hətta təlimatlar verərək telefonun dilini dəyişdirməklə kartdakı pulu oğurlamağa imkan verir.
Xəbərdarlıqda vətəndaşların xüsusi diqqət yetirməli olduğu əsas məqam vurğulanır: Heç bir bank əməkdaşı vətəndaşa zəng edərək ondan bank kartının tam nömrəsini, PİN, CVV və ya OTP şifrələrini istəmir, bunun üçün link, SMS, yaxud elektron məktub göndərmir. Hətta hansısa şübhəli əməliyyat aşkarlansa və ya sistemdə çətinliklər yaransa belə, bank işçisinin məxfi kart məlumatlarını soruşmağa ehtiyacı yoxdur.
Bank əməkdaşının vətəndaşdan soruşa biləcəyi məlumatlar yalnız kartın ilk və ya son 4 rəqəmi, sistemdə qeydiyyatda olan əlaqə nömrəsi və şəxsiyyət vəsiqəsinin FİN kodu ilə məhdudlaşır.
"Unutmayın ki, bank kartınızın tam nömrəsini, PİN, CVV, OTP kodlarını və digər şəxsi məlumatları istəyən hər kəs dələduzdur. Onlara inanmayın, şübhələndiyiniz ilk anda zəngi sonlandırın," – deyə çağırışda bildirilir. "Gəlin, kartınızın təhlükəsizliyini birlikdə qoruyaq!"