Az | EN

DOGE yeni süni intellekt aləti ilə federal qaydaların ləğvini planlaşdırır

Nigar Sultanli
28 İyul 2025 12:32
162 baxış
DOGE yeni süni intellekt aləti ilə federal qaydaların ləğvini planlaşdırır

ABŞ-nin Hökumət Effektivliyi Departamenti (DOGE) yeni süni intellekt (AI) aləti vasitəsilə federal hökumətin qayda və qanunlarının yarısını ləğv etməyi planlaşdırır. The Washington Post qəzetinin məlumatına görə, bu məqsədlə yaradılan “DOGE AI Deregulation Decision Tool” aləti 200 minə yaxın federal qaydanı təhlil edərək, artıq qanunla tələb olunmayanları müəyyən edir.

1 iyul tarixli təqdimatda qeyd olunur ki, bu layihə artıq müəyyən qurumlarda tətbiq olunmağa başlanıb. Məlumata görə, alət ABŞ Mənzil və Şəhərsalma Departamentində istifadə olunub və İstehlakçı Maliyyə Müdafiə Bürosunda ləğv edilən bütün qaydalar məhz bu AI vasitəsi ilə hazırlanıb.

DOGE-nin hədəfi Donald Trampın prezidentliyə qayıdışının birinci ildönümünə qədər federal qaydaların yarısını ləğv etməkdir.

Ağ Evin nümayəndəsi The Washington Post qəzetinə açıqlamasında bildirib ki, bu sahədə hələlik rəsmi şəkildə təsdiqlənmiş plan yoxdur. Buna baxmayaraq, DOGE komandasını “öz sahəsinin ən bacarıqlı mütəxəssisləri” adlandırıb.

Qeyd edək ki, DOGE əvvəllər də müxtəlif süni intellekt alətləri hazırlayıb. Onlardan biri Veteranlar İşləri Departamenti ilə bağlı müqavilələrin məbləğini səhv göstərdiyi üçün tənqid olunmuşdu. Bu, alətin bəzən “hallüsinasiyalar” – yəni reallıqdan uzaq, səhv məlumatlar verməsi ilə bağlı idi.

Yeni alət dövlət idarəçiliyində səmərəliliyin artırılması məqsədi daşısa da, onun qaydaların ləğvi zamanı hansı meyarlara əsaslandığı və hüquqi nəticələrinin necə olacağı hələlik aydın deyil. Bu səbəbdən bəzi ekspertlər bu alətlə bağlı ehtiyatlı yanaşmağa çağırırlar.

© copyright 2022 | tech.az | info@tech.az