Az | EN

Rəşad Nəbiyev Astana HUB-ı ziyarət edib

Cəmil Hüseynzadə
21 Oktyabr 2025 11:26
28 baxış
Rəşad Nəbiyev Astana HUB-ı ziyarət edib

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Astana Hub beynəlxalq innovasiya mərkəzini ziyarət edib və Qazaxıstanın startap ekosisteminin nümayəndələri ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında rəqəmsal əməkdaşlığın genişləndirilməsi, texnologiya və innovasiya sahələrində yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi əsas müzakirə mövzusu olub. Tərəflər startaplar, rəqəmsal infrastruktur və uzunmüddətli tərəfdaşlıq imkanlarını da dəyərləndiriblər. 

Azərbaycan nümayəndə heyətinə Qazaxıstanda artıq tətbiq olunan bir sıra innovativ həllər təqdim edilib. Onlar arasında Biny (rəqəmsal logistika platforması), Codiplay (uşaqlara proqramlaşdırma və robot texnologiyalarını öyrədən sistem), beynəlxalq taksi xidməti inDrive, AMAN SOS təcili yardım xidməti, Yume icarə platforması, həmçinin süni intellekt əsaslı WeGlobal AI və Shai Pro kimi texnoloji layihələr yer alıb.

Astana Hub nümayəndələri klasterin missiyası, infrastrukturu və startaplar üçün təqdim etdiyi imkanlar barədə ətraflı məlumat veriblər. Qurumun beynəlxalq texnoloji komandalar üçün start nöqtəsinə çevrildiyi və Azərbaycanın rəqəmsal ekosistemi ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğu qeyd olunub.

Qeyd edək ki, Azərbaycan və Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərini ənənəvi enerji və logistika sahələrindən kənara çıxararaq, texnologiya, startap ekosistemləri və rəqəmsal transformasiya istiqamətində də fəal şəkildə inkişaf etdirirlər. 

© copyright 2022 | tech.az | info@tech.az