Az | EN

Dövlət qurumu Google ilə əməkdaşlığı müzakirə edir

Cəmil Hüseynzadə
21 Noyabr 2024 15:31
205 baxış
Dövlət qurumu Google ilə əməkdaşlığı müzakirə edir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə “Google” şirkətinin Mərkəzi Asiya, Qafqaz, inkişaf etməkdə olan ölkələr, hökumətlə əlaqələr və dövlət siyasəti üzrə rəhbəri Olqa Skoroxodova arasında görüş keçirilib. COP29 sammiti çərçivəsində baş tutan, müxtəlif təşəbbüs və əməkdaşlıq üçün potensial istiqamətlərin müzakirə edildiyi görüşdə Azərbaycan Süni İntellekt Laboratoriyası, o cümlədən Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin nümayəndələri də iştirak ediblər.

Görüş zamanı “Google”un inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutduğu qlobal “AI Sprinters Framework” proqramı əsasında Azərbaycanın Milli Süni İntellekt Strategiyasının inkişafı üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib. “Google”, həmçinin tələbə və mütəxəssislərin süni intellekt və bulud texnologiyası bacarıqlarının inkişafını əhatə edən təşəbbüslərini təqdim edib. Bu təşəbbüslər vasitəsilə universitet və texnologiya icmaları ilə sıx əlaqələrin qurulmasının mümkünlüyü qeyd olunub.

Bildirilib ki, bu əməkdaşlıq Azərbaycanda rəqəmsal ekosistemin inkişafına mühüm töhfə verəcək, innovasiyaların sürətləndirilməsi və dayanıqlı inkişafı üçün süni intellektdən istifadənin optimallaşdırılması baxımından yeni imkanlar yaradacaq.

Müzakirələr zamanı tərəflər süni intellekt və rəqəmsal innovasiyalar sahəsində regional əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, süni intellekt üzrə əməkdaşlıq Azərbaycanı bu istiqamətdə regional mərkəz olaraq mövqeləndirmək potensialına malikdir.

© copyright 2022 | tech.az | info@tech.az