Az | EN

Dövlət Turizm Agentliyi Azərbaycana turist cəlb etmək üçün "Netflix"də reklam yerləşdirəcək

Cəmil Hüseynzadə
29 İyul 2026 17:08
60 baxış
Dövlət Turizm Agentliyi Azərbaycana turist cəlb etmək üçün "Netflix"də reklam yerləşdirəcək

Dövlət Turizm Agentliyi Azərbaycanın turizm potensialının beynəlxalq auditoriyaya tanıdılması istiqamətində yeni təşəbbüsə başlayır. Agentlik dünyanın ən böyük rəqəmsal yayım platformalarından biri olan Netflix üzərindən ölkənin turizm imkanlarını təbliğ edəcək.

Məlumata görə, bu məqsədlə platformada reklam və təbliğat xarakterli materialların yerləşdirilməsi üçün hazırlıq işlərinə başlanılıb.

Layihə çərçivəsində Dövlət Turizm Agentliyi ABŞ-ın Netflix Ads LLC şirkəti ilə əməkdaşlıq edəcək. Bunun üçün şirkətə 510 min manat ödənilməsi nəzərdə tutulur.

Reklam kampaniyasının əsas məqsədi Azərbaycanın təbii gözəlliklərini, tarixi-mədəni irsini, qastronomiyasını və turizm marşrutlarını dünyanın müxtəlif ölkələrindən olan potensial turistlərə tanıtmaqdır.

Qeyd edək ki, son illərdə "Netflix" reklam dəstəyi ilə təqdim olunan abunə paketlərini genişləndirib və platformada reklam yerləşdirmək imkanı yaradıb. Bu isə şirkətlərə və dövlət qurumlarına milyonlarla istifadəçiyə hədəflənmiş reklam kampaniyaları həyata keçirməyə imkan verir.

Hələlik reklam kampaniyasının hansı ölkələri əhatə edəcəyi, nə qədər davam edəcəyi və hansı məzmunun nümayiş etdiriləcəyi barədə əlavə məlumat açıqlanmayıb.

© copyright 2022 | tech.az | info@tech.az