Az | EN

DTX: Süni intellektdən cinayət məqsədləri üçün istifadə halları artıb

Nigar Sultanli
11 Oktyabr 2025 14:23
58 baxış
DTX: Süni intellektdən cinayət məqsədləri üçün istifadə halları artıb

Bakıda keçirilən "Critical Infrastructure Defence Challenge 2025” (CIDC 2025) tədbirində kiber təhlükəsizlik sahəsində aktual məsələlər müzakirə edilib. Konfransın panel müzakirələri zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi Davud Rüstəmov süni intellektin cinayətkarlıqda istifadəsi ilə bağlı maraqlı məqamlara toxunub.

Moderatorun "süni intellektin imkanlarından istifadə etməklə həyata keçirilən kiberhücumlara, eləcə də müxtəlif növ cinayətkarlığa qarşı mübarizəyə dair hansı addımlar atılır?" sualını cavablandıran D. Rüstəmov, bütün sahələrdə müşahidə olunan Sİ həllərinin tətbiqi trendinin sürətlə artdığını vurğulayıb. Eyni zamanda, süni intellektin cinayət məqsədləri üçün istifadəsinə dair maraqların da artım dinamikasını qeyd edib.

DTX rəisinin sözlərinə görə, süni intellektdən istifadə edilməklə həyata keçirilən kibercinayətkarlıq və digər növ cinayət halları DTX tərəfindən nəzarətdə saxlanılır. O, dünyada süni intellektdən istifadə edilməklə törədilən təxribat xarakterli cinayətlərin miqyasında diqqətçəkən artım dinamikasının müşahidə edildiyini bildirib.

D. Rüstəmov, əməliyyat şəraitinə nəzarət zamanı əldə olunan təcrübənin, eləcə də tərəfdaş xarici xüsusi xidmət orqanları ilə aparılan əməkdaşlığın bu qənaəti daha da gücləndirdiyini qeyd edib. O, misal olaraq xaricdə aparılan araşdırmaların birində Böyük Dil Modelinin (LLM – Large Language Model) qanunsuz istifadəsinə dair halların aşkarlandığını vurğulayıb. Rəis bildirib ki, bu cür hallar cinayətkar şəbəkələrə təxribat cinayətlərinin törədilməsi üçün daha mürəkkəb ssenarilər hazırlamağa imkan verir.

© copyright 2022 | tech.az | info@tech.az