Müğənni Dua Lipa fotosunun icazəsiz şəkildə televiziya qutularında istifadə olunmasına görə Samsung şirkətini 15 milyon dollarlıq məhkəməyə verib. Variety yazır ki, şirkət guya ifaçının məhsulları dəstəklədiyi təəssüratı yaradıb.
İddiaya görə, Samsung 2025-ci ildən etibarən müğənninin fotosunu televiziya qutularında istifadə edir. Hüquqşünaslar bildirirlər ki, şəkil Dua Lipanın xəbəri və razılığı olmadan marketinq kampaniyasında yer alıb. Müğənni şirkətdən istifadəni dayandırmağı tələb etsə də, Samsung bundan imtina edib.
İddiada qeyd olunur ki, şirkət bununla Dua Lipanın məhsulları “tövsiyə etdiyi” görüntüsü yaradaraq gəlir əldə edib. Sosial şəbəkələrdə bəzi istifadəçilər hətta qutudakı Dua Lipa fotosuna görə televizoru almaq istədiklərini yazıblar.
Samsung müəllif hüquqlarının pozulması, şəxsi imicdən icazəsiz istifadə və yalançı reklamda ittiham olunur. Şirkət hələlik məsələ ilə bağlı açıqlama verməyib.
