Gələcəyin dahiləri yetişdirilir.
Lenovo sadə şəkildə adlandırdığı AI Companion cihazını təqdim edib. Qurğu smartfon funksiyalarını tamagotçini xatırladan kompakt korpusda birləşdirir.
Cihaz 2 düymlük ekran, fırlana bilən 5 MP kamera, 2 GB operativ və 16 GB daxili yaddaşla təchiz olunub. Bundan əlavə, WeChat, QQ və DeepSeek kimi Çində geniş istifadə olunan tətbiqlər əvvəlcədən quraşdırılıb. Süni intellekt köməkçisi olmadan çinli məktəbliləri təsəvvür etmək çətindir.
Məktəbəqədər yaşlı uşaqlar və ibtidai sinif şagirdləri üçün nəzərdə tutulan smartfonda valideyn nəzarəti, real vaxtda izləmə funksiyası və iri SOS düyməsi də mövcuddur.
Cihazın ən maraqlı hissələrindən biri isə xüsusi AI düyməsidir. Lenovo bildirir ki, süni intellekt köməkçisi sayəsində uşaqlar ətraf aləm haqqında daha çox məlumat əldə edə biləcəklər. Kamera obyektləri tanıya bilir və onlar barədə məlumat təqdim edir.
Görünür, “Səndən daha yaxşısını edən bir çinli həmişə tapılar” ifadəsinin sirri də buradadır — texnologiya və inkişaf sevgisi uşaqlıqdan aşılanır.
Lenovo AI Companion-un qiyməti 600 yuan, yəni təxminən 140 manat təşkil edir.
