Az | EN

Durov Telegram istifadəçilərinə müraciət ünvanlayıb

Cəmil Hüseynzadə
05 Fevral 2026 10:39
97 baxış
Durov Telegram istifadəçilərinə müraciət ünvanlayıb

Telegram-ın qurucusu Pavel Durov İspaniyadan olan Telegram istifadəçilərinə müraciət edib. O, bəyanatını platformanın rəsmi kanalında yayımlayıb.

Durovun sözlərinə görə, dövlət “istifadəçilərin qorunması” adı altında nəzarət mexanizmlərini gücləndirir. O, yeni qanunvericilik təşəbbüsləri çərçivəsində irəli sürülən dörd əsas yeniliyi sadalayaraq, hər birinin potensial təhlükələrini izah edib.

1. 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsi və məcburi yaş yoxlaması

Durovun fikrincə, bu addım hər bir istifadəçinin şəxsiyyətinin izlənməsi üçün presedent yaradır, anonimliyi zəiflədir və kütləvi məlumat toplanmasına yol açır. Onun sözlərinə görə, yenilik əvvəlcə yetkinlik yaşına çatmayanları əhatə etsə də, gələcəkdə bütün istifadəçilərə şamil oluna bilər və açıq dialoqu boğa bilər.

2. Platforma rəhbərlərinin şəxsi və cinayət məsuliyyəti

“Qanunsuz” və ya “zərərli” hesab edilən kontent vaxtında silinmədiyi halda, platforma rəhbərlərinin həbs təhlükəsi ilə üzləşməsi, Durovun fikrincə, həddindən artıq senzura ilə nəticələnəcək. Bu isə siyasi fərqli fikirlərin, jurnalistikanın və gündəlik rəylərin boğulmasına gətirib çıxara bilər.

3. Alqoritmlərin yayılmasının kriminallaşdırılması

Durov bildirib ki, bu halda hökumətlər istifadəçilərin hansı məlumatları görəcəyini müəyyən edəcək, alternativ baxışları gizlədərək dövlət tərəfindən idarə olunan “eko-kameralar” formalaşdıracaqlar. Onun sözlərinə görə, ideyaların azad şəkildə araşdırılması yerini nəzarət olunan təbliğata verə bilər.

4. “Nifrət və qütbləşmə izinin” izlənməsi tələbi

Yeni tələblərə əsasən, platformalar cəmiyyətdə parçalanmanı necə “qidalandırdıqlarını” izləməli və hesabat verməlidirlər. Durovun fikrincə, “nifrət” anlayışının qeyri-müəyyənliyi hökumətin tənqidinin “parçalanma” kimi qiymətləndirilməsinə, nəticədə platformaların bağlanmasına və ya cərimələnməsinə səbəb ola bilər.

Durov çıxışının sonunda vurğulayıb ki, bu qanunlar təhlükəsizlik tədbirləri deyil, total nəzarətə doğru atılan addımlardır.

O əlavə edib ki, Telegram istifadəçilərin məxfiliyini və azadlığını prioritet hesab edir: güclü şifrələmə, “backdoor”ların olmaması və sui-istifadələrə qarşı dayanıqlılıq platformanın əsas prinsipləridir.

© copyright 2022 | tech.az | info@tech.az