ElevenLabs yeni platformasını — Iconic Voice Marketplace adlı Süni İntellekt (Sİ) əsaslı səs marketpleysini təqdim edib. Bu platforma brendlərə məşhurların Sİ vasitəsilə yaradılmış səslərini reklam və audio layihələrdə qanuni şəkildə istifadə etməyə imkan verir.
Sistemin işləmə prinsipi sadədir: səsin sahibi və ya onun varisləri rəsmi icazə verir, bundan sonra ElevenLabs həmin səsi rəqəmsal modelə çevirir və kommersiya istifadəsi üçün təqdim edir. İstifadəçilər lazımi səsi seçərək onun istifadəsinə görə ödəniş edə biləcəklər.
Hazırda bazada 28 səs mövcuddur. Onlar arasında Maykl Keyn, Liza Minnelli, Art Garfankel, eləcə də tarixi şəxslər — Mark Tven və Alan Tyurinq kimi adlar var.
Maykl Keyn layihə ilə bağlı bildirib ki, bu texnologiyanı aktyorlara alternativ kimi deyil, hekayəçilərin imkanlarını genişləndirən vasitə kimi görür.
Şirkət qeyd edib ki, bütün səslər sahiblərinin və ya nümayəndələrinin razılığı ilə istifadə olunur. ElevenLabs həmçinin etik qaydaların pozulmasının qarşısını almaq üçün nəzarət sistemi tətbiq edib — bu sistem məşhurların ad və imiclərinin uyğun olmayan kontekstlərdə istifadəsinə mane olur.
