Dünyanın ən böyük oyun şirkətlərindən biri olan Electronic Arts (EA) 55 milyard dollarlıq tarixi satınalma müqaviləsi ilə xüsusi şirkət statusuna keçməyə hazırlaşır. EA, EA Sports FC (əvvəlki adıyla FIFA), Madden NFL və Battlefield kimi məşhur oyun seriyaları ilə tanınır və hazırda 700 milyonadək oyunçuya sahibdir.
Satınalma prosesi Silver Lake, Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu (PIF) və Jared Kushner-in investisiya fondu Affinity Partners tərəfindən formalaşdırılmış konsorsium vasitəsilə həyata keçirilir. Razılaşmanın yaxın günlərdə yekunlaşacağı gözlənilir.
Maliyyələşmə üçün ABŞ-ın aparıcı maliyyə qurumlarından JPMorgan 20 milyard dollardan çox dəyərində kredit paketi hazırlayıb. Əgər razılaşma tamamlanarsa, EA-nın satışı 2007-ci ildə baş tutmuş 45 milyard dollarlıq TXU alışını da geridə qoyaraq tarixə ən böyük “take-private” sövdələşmələrdən biri kimi düşəcək.
Pandemiya sonrası oyun satışlarında gözlənilən yüksəlişi əldə edə bilməyən EA, “live services” – davamlı yenilənən onlayn oyunlara yönəlib. Şirkət hazırda gəlirlərinin 75 faizini məhz bu sahədən əldə edir. Satınalma xəbəri yayıldıqdan sonra EA səhmləri 15 faiz bahalaşıb.
Qeyd edək ki, Microsoft iki il əvvəl Activision Blizzard-ı 75,4 milyard dollara almışdı. EA-nın da özəl sərmayə sahiblərinə keçməsi qlobal oyun bazarında yeni güc balansının formalaşmasına səbəb ola bilər.