Son günlər Instagram və Facebook istifadəçiləri arasında müşahidə olunan kütləvi hesab bloklanmalarından sonra indi də Facebook qruplarının bu vəziyyətdən təsirləndiyi bildirilir. Reddit kimi platformalarda istifadəçilər öz qruplarının əsassız şəkildə bloklandığını qeyd edir və problemin miqyasının minlərlə qrupa çatdığı deyilir. Bloklanmış qruplar müxtəlif sahələri əhatə edir — qənaət məsləhətləri, valideyn dəstəyi, ev heyvanları, oyunlar, Pokémon və klaviatura həvəskarları kimi mövzularda fəaliyyət göstərirlər.
Meta-nın sözçüsü Andy Stone, TechCrunch-a açıqlamasında problemin texniki xətadan qaynaqlandığını və üzərində çalışdıqlarını bildirib:
“Facebook Qruplarına təsir edən texniki bir səhv mövcuddur. Hazırda bu problemi aradan qaldırmaqdayıq.”
Bloklanmaların səbəbləri hələlik tam açıqlanmayıb. Lakin bir çox istifadəçi bu vəziyyətin süni intellekt əsasında fəaliyyət göstərən avtomatik moderasiya sisteminin səhv işləməsi ilə əlaqəli olduğunu düşünür. İstifadəçilər bildirirlər ki, bəzi qruplar “terrorizmlə bağlı məzmun” və ya “çılpaqlıq” kimi ümumi və əsassız səbəblərlə bağlanıb, halbuki bu cür məzmun həmin qruplarda yer almayıb.
Bəzi böyük icmalar — məsələn, 1 milyona yaxın üzvü olan quş şəkilləri paylaşan bir qrup və ya 200 min nəfərlik ailə dostu Pokémon qrupu — əsasız şəkildə “təhlükəli təşkilatlara istinad” və ya “çılpaqlıq” səbəbilə pozuntu bildirişi alıb və bağlanıb. Bəzi istifadəçilər bildirirlər ki, idarə etdikləri bütün qruplar eyni anda silinib.
Meta-nın “Verified” abunə paketindən istifadə edən bəzi qrup administratorları üstün müştəri xidməti vasitəsilə dəstək ala bilsə də, digərlərinin qrupları hələ də bərpa olunmayıb.
Hazırda Reddit-in Facebook icmasında (r/facebook) yüzlərlə istifadəçi narazılığını ifadə edir. Təcrübə paylaşanlar bildirirlər ki, qrupların bərpası üçün müraciət etməmək və problemi Meta-nın avtomatik olaraq həll etməsini gözləmək daha düzgün olar.
Qeyd edək ki, bu problem yalnız Meta platformaları ilə məhdudlaşmır. Son həftələrdə Pinterest və Tumblr kimi sosial şəbəkələrdə də oxşar kütləvi bloklanma hallarının baş verdiyi bildirilib. Pinterest bu vəziyyəti daxili texniki səhv olaraq izah etsə də, AI-nin bu işdə rolu olmadığını bəyan edib. Tumblr isə problemin yeni məzmun süzgəc sisteminin test mərhələsi ilə bağlı olduğunu bildirib.
Meta isə nə Facebook və Instagram istifadəçilərinin fərdi hesabları, nə də qruplarla bağlı baş verən kütləvi bloklanmalarla bağlı səbəbi tam olaraq açıqlamayıb. Hazırda istifadəçilər tərəfindən 12 min imza toplanan petisiya yayılıb, bəziləri isə hüquqi addımlar atmaq niyyətindədir.