Məlum olub ki, “Meta”nın “Facebook” və “Instagram” platformalarında çalışan bir çox işçilər rüşvət aldıqlarına görə işdən çıxarılıb.
Verilən məlumata görə, ötən il Meta daxilində işləyən bəzi insanlar Facebook və Instagram platformalarının hesab bərpa alətlərinə daxil ola biliblər. Beləliklə, bəzi hesabların bloku açılıb və hesablarına daxil olmaqda çətinlik çəkənlərin problemləri həll olunub. Bunun müqabilində isə həmin şəxslərdən minlərlə dollar rüşvət alınıb.
Belə ki, rüşvət qalmaqalı ilə bağlı 25-dən çox şəxs işdən çıxarılıb və intizam işi başlanıb. Bunların arasında kampusun mühafizəsi ilə məşğul olan özəl mühafizəçilər də var. Dəqiq məlumat olmasa da, sistemə girişi olan şəxslərin olması ehtimalı yüksəkdir. Hətta bildirilir ki, vasitəçi şirkətlər var və blokun götürülməsini istəyən istifadəçilərdən pulu yığan da məhz onlardır.