FTB (FBI) cihazlarını zərərli proqram təminatına məruz qoymamaq üçün istifadəçilərə ictimai telefon doldurma stansiyalarından istifadə etməmək barədə xəbərdarlıq edir.
Bildirilir ki, alış-veriş mərkəzlərində və hava limanlarındakı ictimai USB stansiyaları zərərli proqram və monitorinq proqramlarını yaymaq üçün hakerlər tərəfindən istifadə olunur.
Agentlik tvitində "Öz şarj cihazınızı və USB kabelinizi özünüzlə aparın və bunun əvəzinə elektrik rozetkasından istifadə edin" deyə qeyd edib.
Drew Paik CNN-ə bildirib ki, “Telefonunuzu doldurmaq üçün istifadə etdiyiniz kabel həmçinin telefonunuzdan digər cihazlara məlumat göndərmək üçün istifadə olunur. Məsələn, iPhone-unuzu şarj kabeli ilə Mac-a qoşduğunuzda, şəkilləri telefonunuzdan kompüterinizə endirə bilərsiniz.
Əgər port təhlükə altında olarsa, hakerin hansı məlumatı ala biləcəyinə heç bir məhdudiyyət yoxdur. Buraya e-poçtunuz, mətn mesajlarınız, şəkilləriniz və kontaktlarınız daxildir.”