Az | EN

Fərid Osmanov: Gəncə şəhərində İnnovasiya Mərkəzinin açılması planlaşdırılır

Nigar Sultanli
08 Avqust 2025 15:37
74 baxış
Fərid Osmanov: Gəncə şəhərində İnnovasiya Mərkəzinin açılması planlaşdırılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramının açılış mərasimində açıqlama verib. O, Gəncə şəhərində yeni İnnovasiya Mərkəzinin bu ilin sonunadək fəaliyyətə başlayacağını diqqətə çatdırıb.

Bundan əlavə, yaxın zamanda Naxçıvan Dövlət Universitetində müvafiq klasterin yaradılması planlaşdırılır. Osmanov vurğulayıb ki, məqsəd yalnız paytaxt Bakıda deyil, regionlarda da startap ekosisteminin inkişafını təmin etmək, bu sahəyə həm maddi, həm də mənəvi dəstək göstərməkdir. Akselerasiya proqramları da bu prosesin vacib tərkib hissəsidir.

Startap ekosisteminin inkişafında beş əsas istiqamətin böyük önəm kəsb etdiyini bildirən Osmanov, bunların agentliyin strateji prioritetləri olduğunu qeyd edib. Onlardan biri maliyyə resurslarına çıxışın genişləndirilməsidir. Qeyd olunub ki, dövlət və agentlik dəstəyi ilə “Caucasus Ventures” adlı vençur fondu yaradılıb və əlavə olaraq üç maliyyə institutunun formalaşdırılması istiqamətində işlər davam etdirilir. Artıq “İnmerge” fondu qurularaq yaxın vaxtlarda fəaliyyətə başlayacaq.

Fərid Osmanov çıxışının sonunda açılışı keçirilən akselerasiya proqramlarından böyük ümidlər bəslədiklərini söyləyib və Agentlik olaraq layihənin hər mərhələsində dəstək verməyə hazır olduqlarını vurğulayıb.

© copyright 2022 | tech.az | info@tech.az