Azərbaycanın tanınmış top-menecerlərindən biri olan Fərid Xəlilov beynəlxalq sürətli çatdırılma platforması Glovo-da yeni vəzifəyə təyin olunub.
Tech.az-ın məlumatına görə, Fərid Xəlilov Glovo-nun Qırğızıstan üzrə Baş Direktoru (General Manager) vəzifəsinə başlayıb. O, bu vəzifədə Qırğızıstan bazarında şirkətin fəaliyyətinə rəhbərlik edəcək. Xəlilov bu barədə LinkedIn hesabında paylaşım edib.
"Bəzən karyerada ən yaxşı addımlar gözləmədiyiniz fürsətlər olur. Mən Glovo-nun Qırğızıstan üzrə Baş Direktoru vəzifəsinə qoşuluram. Möhtəşəm ölkə, inanılmaz şirkət və səbirsizliklə gözlədiyim bir rol. Bakıdan Bişkekə köçürəm və yerli komanda ilə birlikdə böyük uğurlar əldə etməyi səbirsizliklə gözləyirəm", – deyə o bildirib.
Fərid Xəlilov son üç il ərzində Wolt Azərbaycan şirkətində Kommersiya üzrə rəhbər (Head of Commercial) vəzifəsində çalışıb. Bu müddətdə şirkətin gəlir və kommersiya strategiyasına rəhbərlik edib, bazar liderliyinin qorunması və şirkətin tarixində ilk dəfə EBITDA mənfəətliliyinə nail olunması kimi nəticələrdə iştirak edib.
Bundan əvvəl isə o, 11 ildən çox Samsung Electronics şirkətində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib. Xəlilov son olaraq Samsung Azərbaycan-ın Satış Qrupunun rəhbəri (Head of Sales Group) olub. O, həmçinin mobil biznesin rəhbəri və məhsul idarəçiliyi sahəsində müxtəlif vəzifələrdə çalışaraq Azərbaycanın, eləcə də Cənubi Qafqaz regionunun kommersiya strategiyalarının formalaşdırılmasında rol oynayıb.
Təhsilini Kanadanın University of Lethbridge universitetində idarəetmə və maliyyə üzrə magistr, Almaniyanın Hochschule Schmalkalden universitetində isə beynəlxalq biznes və iqtisadiyyat üzrə magistr proqramlarında başa vurub.
Yeni vəzifəsi çərçivəsində Fərid Xəlilov Glovo-nun Qırğızıstan bazarındakı fəaliyyətinin inkişafına və şirkətin strateji hədəflərinin həyata keçirilməsinə rəhbərlik edəcək.
