Az | EN

Ferrari Coni Ayvın hazırladığı ilk elektrik avtomobili Luce-nin interyerini təqdim edib

Cəmil Hüseynzadə
10 Fevral 2026 11:16
45 baxış
Ferrari Coni Ayvın hazırladığı ilk elektrik avtomobili Luce-nin interyerini təqdim edib

Ferrari tam elektriklə işləyən ilk avtomobili Luce modelinin rəsmi adını və interyer dizaynını açıqlayıb. Model üzərində işlər Apple-ın sabiq baş dizayneri Coni Ayvın rəhbərlik etdiyi LoveFrom dizayn studiyası ilə birgə həyata keçirilib. Avtomobilin salonunun təqdimatı layihənin ikinci mərhələsi hesab olunur, eksteryer dizaynı isə 2026-cı ilin may ayında nümayiş etdiriləcək.

Luce modelinin interyeri “insan mərkəzli” yanaşma əsasında hazırlanıb. Ferrari sensor panellərin üstünlük təşkil etməsindən imtina edərək, sürücünün diqqət yükünü azaltmaq məqsədilə fiziki və mexaniki idarəetmə elementlərinə üstünlük verib.

Avtomobilin əsas göstərici paneli 12,86 düymlük OLED ekrandan ibarətdir və klassik Ferrari modellərində istifadə olunan Veglia və Jaeger cihazlarından ilhamlanıb. Sürətölçən anodlaşdırılmış alüminiumdan hazırlanmış fiziki elementdir və LED işıqlandırma ilə təchiz olunub. 10,12 düymlük mərkəzi ekran isə sürücü və ya sərnişin istiqamətinə çevrilə bilir.

Luce modelinin salonunda plastik materiallardan tamamilə imtina edilib. Əsas material kimi 100 faiz təkrar emal olunmuş alüminiumdan istifadə olunub. Texniki baxımdan avtomobilin güc qurğusunun 1000 at gücündən artıq olacağı bildirilir. Ferrari nümayəndələri layihənin əsas məqsədinin uzunömürlü və texnoloji baxımdan tez köhnəlməyən dizayn yaratmaq olduğunu vurğulayırlar.

© copyright 2022 | tech.az | info@tech.az