Az | EN

Fırıldaqçılar WhatsApp istifadəçilərini süni intellekt vasitəsilə aldadırlar

Nail Valiyev
18 İyul 2023 11:36
494 baxış
Fırıldaqçılar WhatsApp istifadəçilərini süni intellekt vasitəsilə aldadırlar

Bu gün internetin geniş yayılması ilə süni intellekt texnologiyasının da populyarlığı artıb. Lakin bu vəziyyət həm də yeni saxtakarlıq üsullarının ortaya çıxmasına zəmin yaradır. WhatsApp istifadəçilərini hədəf alan yeni bir fırıldaq ortaya çıxıb.

Bu yeni nəsil fırıldaqçılıq üsulu ənənəvi üsullara çox oxşardır. Fırıldaqçılar "deepfake" adlı texnologiyadan istifadə edərək sizinlə əlaqə saxlayır və tanıdığınız birinin səsini təqlid edirlər. Ətrafınızdakı insanlar haqqında təfərrüatları çatdırır və etibarınızı qazanmağa çalışırlar. Etibarınızı qazandıqdan sonra onlar sizə tanış kimi yanaşıb borc istəyə, xoş niyyətinizdən sui-istifadə edə bilərlər.

Hindistanda yaşayan WhatsApp istifadəçisi keçmiş həmkarından gəldiyini zənn etdiyi zəngə cavab verib və fırıldaqçıların tələsinə düşüb. Qarşı tərəfin səsini xatırladığı və ortaq dostları haqqında danışdığı üçün etibar etdiyi bu zəng nəticəsində dələduzun tələb etdiyi 40 min rupiyi ona yönləndirilən hesaba köçürüb. Lakin fırıldaqçı yenidən pul istəyəndə zərərçəkmiş vəziyyəti başa düşüb. 

Bu kimi fırıldaqçılığın aradan qaldırılması mümkün olmasa da, ekspertlər digər istifadəçilərin də eyni vəziyyətə düşməyərək diqqətli olmaları ilə bağlı xəbərdarlıq edir.

© copyright 2022 | tech.az | info@tech.az