Az | EN

Gamepons Compass III Demo Day baş tutdu – 7 yerli oyun layihəsi təqdim olundu

Cəmil Hüseynzadə
28 Dekabr 2025 23:42
38 baxış
Gamepons Compass III Demo Day baş tutdu – 7 yerli oyun layihəsi təqdim olundu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gamepons tərəfindən həyata keçirilən Gamepons Compass III oyun inkubasiya proqramının Demo Day tədbiri uğurla baş tutub. Tədbir zamanı proqramın üçüncü axınında iştirak edən komandalar inkubasiya dövrü ərzində hazırladıqları oyun layihələrini təqdim ediblər.

Gamepons Compass III proqramı Gamepons və IGDA Azerbaijan tərəfindən hazırlanmış inkubasiya modeli əsasında icra olunub. Proqram müddətində iştirakçı komandalar mentor dəstəyi, strukturlaşdırılmış inkişaf prosesi, ixtisaslaşmış kitabxanaya çıxış və müxtəlif oyun inkişaf resursları vasitəsilə layihələrini daha da təkmilləşdiriblər.

İnkubasiya prosesi çərçivəsində studiyalara Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Yaradıcı Mərkəz tərəfindən iş məkanı və texniki avadanlıq dəstəyi göstərilib. Bu imkanlar komandaların layihələr üzərində daha sistemli və davamlı işləməsinə şərait yaradıb.

Demo Day tədbiri çərçivəsində 7 yerli indie oyun studiyası öz oyun layihələrini təqdim edib. Tədbirdə yerli oyun sənayesi nümayəndələri ilə yanaşı, müxtəlif yaradıcı sahələrdən olan qonaqlar da iştirak ediblər.

Təqdim olunan layihələrdən 3 oyun studiyası artıq yerli və beynəlxalq nəşriyyatçılarla (publisher) müsbət danışıqlar aparır. Bu fakt yerli indie oyun layihələrinin beynəlxalq bazarlara çıxmaq potensialının artdığını göstərən ilkin göstəricilərdən biri kimi qiymətləndirilir.

Demo Day zamanı təqdim olunan oyun layihələri və studiyalar:

  • TIRKA Studio – MyChefHatesMe
  • iSD – Ranchdays
  • DarkNight Studio – Jupiter
  • Legions Game Studio – Trust Me
  • Voyagers – Somewhere in Between
  • HyperArc Studios – Redactor
  • Albroz Studio – The Last Station

Qeyd edək ki, Gamepons Compass oyun inkubasiya proqramı yerli oyun sənayesinin inkişafına töhfə vermək və yeni oyun studiyalarının formalaşmasını dəstəkləmək məqsədilə fəaliyyətini davam etdirir.

© copyright 2022 | tech.az | info@tech.az