Getir şirkətinin Birləşmiş Ərəb Əmirliklərindən olan əsas səhmdarı Mubadala investisiya fondu, qrup daxilindəki aktivlərin satışı strategiyası çərçivəsində növbəti addımı atıb. Ötən ay Getir Araç xidmətinin satışını tamamlayan fond, indi də Getir Yemek platformasının ABŞ-nin Uber Eats şirkətinə satılması barədə razılığa gəlib. Məlumata görə, tərəflər artıq ilkin razılaşmanı əldə ediblər və sənədlər yekun təsdiq üçün Türkiyənin Rəqabət Qurumuna təqdim olunub.
Sövdələşmənin maliyyə dəyəri və şərtləri barədə hələlik ictimaiyyətə açıqlama verilməyib, prosesin detalları gizli saxlanılır. Həm Uber, həm də Mubadala təmsilçiləri mövzu ilə bağlı rəsmi sorğuları cavablandırmayıblar. Lakin mənbələr təsdiqləyir ki, yekun qərar müvafiq dövlət qurumunun araşdırmasından sonra bəlli olacaq.
Bu birləşmə Uber şirkətinin Türkiyə bazarındakı mövqeyini ciddi şəkildə gücləndirəcək. Şirkət may ayında Trendyol Go xidmətinin səhmlərinin 85 faizini 700 milyon dollara almaq barədə razılıq əldə etmişdi. Əgər Getir Yemek ilə bağlı satış da rəsmiləşərsə, Uber Eats Türkiyənin iki nəhəng çatdırılma platformasını öz tərkibində birləşdirəcək. Bu halda bazarda əsas rəqabət Almaniyanın Delivery Hero şirkətinə məxsus Yemeksepeti ilə davam edəcək.
Mubadala fondu isə Getir daxilində struktur dəyişikliklərini sürətlə davam etdirir. Artıq Getir Araç xidmətinin Tiktak şirkətinə satışı tam yekunlaşıb. Hazırda fondun Getir Finans xidməti üçün də potensial alıcılarla danışıqlar apardığı bildirilir.
