Google Labs gündəlik işləri qaydasına salmaq üçün "CC" adlı yeni süni intellekt köməkçisini təqdim edib. Gemini texnologiyası əsasında hazırlanan bu köməkçinin əsas işi gününüzü planlaşdırmağa və vaxtınıza qənaət etməyə yardım etməkdir.
Sistemə qoşulduğunuz zaman "CC" sizin Gmail, Google Təqvim (Calendar) və Disk (Drive) hesablarınıza baxış icazəsi alır və gündəlik rejiminizi öyrənir. Bunun əsasında hər səhər e-poçt qutunuza "Günün mənzərəsi" (və ya xülasəsi) adlı xüsusi bir məktub göndərir.
Bu məktubda həmin gün üçün planlaşdırılan görüşlər, vacib tapşırıqlar və diqqət yetirməli olduğunuz məqamlar sadə şəkildə qeyd olunur. Fatura ödəməkdən tutmuş görüşlərə hazırlaşmağa qədər bütün vacib işləriniz burada cəmlənir.
"CC" təkcə xatırlatmaqla kifayətlənmir. Lazım gələrsə, sizin əvəzinizə e-poçt mətni hazırlayır və ya təqvimdə görüş üçün link yaradır. Onunla əlaqə saxlamaq çox asandır: sadəcə göndərdiyi e-poçta cavab yazaraq ona yeni tapşırıqlar verə və ya görüləcək işlər siyahınızı yeniləyə bilərsiniz.
Hələlik sınaq mərhələsində olan xidmət bu gündən etibarən yalnız ABŞ və Kanadada yaşayan istifadəçilər üçün aktivdir. İlk mərhələdə bu imkandan sadəcə "Google AI Ultra" abunəçiləri yararlana biləcək.
