Az | EN

Google süni intellekt infrastrukturu üçün 80 milyar dollar pul axtarır

Cəmil Hüseynzadə
02 İyun 2026 13:16
43 baxış
Google süni intellekt infrastrukturu üçün 80 milyar dollar pul axtarır

Google-un ana şirkəti olan Alphabet süni intellekt sahəsində planlaşdırdığı iri infrastruktur layihələrini maliyyələşdirmək üçün 80 milyard dollar vəsait cəlb etməyi planlaşdırdığını açıqlayıb.

Şirkətin yaydığı məlumata görə, bu məqsədlə əlavə səhmlər satışa çıxarılacaq. Əldə ediləcək vəsait süni intellekt infrastrukturu və qlobal hesablama gücünün genişləndirilməsi də daxil olmaqla ümumi korporativ xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.

Planın bir hissəsi olaraq, Alphabet 10 milyard dollarlıq səhmi investor Uorren Baffetin uzun illər rəhbərlik etdiyi Berkshire Hathaway holdinqinə satacaq.

Şirkət bildirib ki, həm korporativ müştərilərdən, həm də fərdi istifadəçilərdən süni intellekt həllərinə və xidmətlərinə tələbat hazırkı imkanları üstələyir. Bu səbəbdən Alphabet gələcək inkişaf potensialını dəstəkləmək üçün investisiyalarını artırmağı hədəfləyir.

Açıqlamada qeyd olunub ki, səhmlərin satışı şirkətə investisiyalarını maliyyələşdirərkən maliyyə sabitliyini qorumağa imkan verəcək.

Digər iri texnologiya şirkətləri kimi, Google da bu il süni intellekt xidmətlərinin inkişafı üçün böyük həcmdə hesablama infrastrukturu qurur. Ötən ay keçirilən Google I/O konfransında şirkətin baş direktoru Sundar Piçai bildirib ki, Alphabet ilin sonunadək kapital xərclərinə 180–190 milyard dollar ayırmağı planlaşdırır.

Analitiklərin hesablamalarına görə, Google və digər texnologiya nəhəngləri 2026-cı il ərzində süni intellekt sahəsində ümumilikdə 700 milyard dollara qədər investisiya qoya bilərlər.

© copyright 2022 | tech.az | info@tech.az