ABŞ Ədliyyə Nazirliyi ilə davam edən antitrest məhkəməsi zamanı Google-un Axtarış şöbəsinin rəhbəri Liz Rid, şirkətin rəqib süni intellekt modellərinə özünün Gemini modelinə təqdim etdiyi məlumatlardan daha az və aşağı keyfiyyətli məlumatlar təqdim etdiyini açıqlayıb. Bu bəyanat, texnologiya nəhənginin axtarış bazarında dominant mövqe tutaraq rəqabəti pozduğu iddialarını daha da gücləndirib.
Rid-in sözlərinə görə, Google-un "Vertex AI" adlı xidmətində yerləşən və ödənişli əsasda təqdim edilən "grounding" (məlumatla dəstəkləmə) funksiyası vasitəsilə bəzi inkişafçılar Google Axtarış sistemindən məlumatlara çıxış əldə edirlər. Lakin bu çıxış məhduddur və Gemini süni intellekt modeli ilə müqayisədə daha zəif məlumat dəstləri təqdim olunur.
Gemini isə Google-un daxili resurslarına, o cümlədən Knowledge Graph və OneBox funksiyalarına çıxış imkanı ilə təmin olunur. Knowledge Graph neyroşəbəkəyə obyektlər və anlayışlar arasındakı əlaqələri izah etməyə kömək edir, OneBox isə istifadəçilərə idman nəticələri kimi qısa və aktual məlumatları dərhal təqdim edir.
Məhkəmə zamanı ABŞ Ədliyyə Nazirliyinin hüquqşünası Rid-dən bu eksklüziv məlumatların rəqiblərlə də paylaşılmasını təklif etdikdə, Rid bu fikrin təhlükəli olduğunu bildirib. Onun fikrincə, bu məlumat bazası kiberhücumlara qarşı həssasdır və onun paylaşılması üçün təxminən 2000 mühəndisin işə cəlb olunması lazım gələcək.
Bu açıqlamalar, Google-un süni intellekt sahəsindəki üstün mövqeyindən istifadə edərək rəqibləri ilə qeyri-bərabər şərtlərlə rəqabət apardığını və bazarda ədalətli oyun prinsiplərini poza biləcəyini göstərir. Hadisə həm texnologiya sənayesində şəffaflıq və ədalət məsələlərini yenidən gündəmə gətirib, həm də süni intellektin gələcək inkişafı üçün informasiya bərabərliyinin vacibliyinə diqqət çəkib.