Son zamanlar texnologiya dünyasında süni intellektin populyarlaşması özü ilə bərabər bəzi problemlər də gətirməyə başlayıb və bunlardan ən önəmlisi şübhəsiz ki, saxta mətn, şəkil və video görüntüləridir. Google bu problem üçün həll yolu hazırlayıb.
Şirkətin bu yay ilk növbədə ABŞ istifadəçiləri üçün aktivləşdirəcəyi "About this image" funksiyası məzmunun süni intellekt tərəfindən yaradılıb-yaradılmadığını müəyyən edə bilir. Bu funksiya ilə həmin şəkil və bənzərlərinin başqa haralarda paylaşıldığını bilmək olacaq.
Şirkət tərəfindən paylaşılan məlumatlara görə, şəkil haqqında alınan bu məlumatlarla o görüntünün etibarlı olub olmadığını daha dəqiq bilmək mümkündür. Məsələn, "About this image" ilə bir şəkilin süni intellektlə hazırlanmış olması ilə bağlı xəbər varsa bunu daha asanlıqla tapa biləcəksiniz.
Şirkət həmçinin süni intellekt tərəfindən yaradılan şəkillərin hər birini qeyd edəcək. Şəkili yaratmış şəxslər də oxşar işarələmələr əlavə edə biləcəklər ki, süni intellektlə hazırlanmış şəkilləri ayırmaq daha rahat olsun. Google bildirib ki, bu cür işarələmələri yaxın aylarda Midjourney, Shutterstock kimi saytlarda görmək mümkün olacaq.