Az | EN

Google Tayvanda rəqəmsal gücü enerji ilə birləşdirir

Nigar Sultanli
17 Aprel 2025 10:32
84 baxış
Google Tayvanda rəqəmsal gücü enerji ilə birləşdirir

Google Tayvanda yerləşən məlumat mərkəzlərini enerji ilə təmin etmək üçün yeni və fərqli addım atıb. Şirkət Tayvanda 10 meqavatlıq geotermal enerji layihəsinə sərmayə yatıracağını açıqlayıb. Bu, "Google"un Asiyada həyata keçirdiyi ilk geotermal enerji təşəbbüsüdür. Geotermal enerji Yer qabığının dərinliyindəki təbii istidən istifadə edilərək əldə olunur. Başqa sözlə, yerin alt qatlarından gələn istilik suyun qızdırılması və buxara çevrilməsi ilə enerji istehsal edir. Bu enerji növü həm təmizdir, həm də davamlı. Günəş və külək kimi hava şəraitindən asılı deyil, bu səbəbdən fasiləsiz enerji mənbəyi hesab olunur.

Layihə İsveçin “Baseload Capital” şirkəti tərəfindən həyata keçirilir. Bu şirkətin Tayvanda yerləşən yerli bölməsi artıq 2019-cu ildən bəri adada geotermal enerji potensialını araşdırır.

Bu "Google"un geotermal sahəsində ilk təcrübəsi deyil. Şirkət ötən ilin noyabr ayında ABŞ-ın Nevada ştatında yerləşən məlumat mərkəzlərini enerji ilə təmin etmək üçün “Fervo” adlı startapla birlikdə 3.5 meqavatlıq geotermal stansiyanı istifadəyə verib.

Tayvan yerləşdiyi coğrafi bölgə – yəni “Odlu Halqa” (Ring of Fire) səbəbilə yerin alt qatlarından gələn istilik baxımından zəngindir. Bu isə ölkəni geotermal enerji üçün əlverişli bir yerə çevirir. Tayvan hökuməti 2050-ci ilə qədər 6 giqavatlıq geotermal enerji istehsal etməyi qarşısına məqsəd qoyub. "Google"un bu sahəyə sərmayə yatırması isə bu hədəfə çatmaqda böyük dəstək olacaq.

Bu addım həm də "Google"un karbon emissiyalarını azaltmaq və 100% təmiz enerji ilə işləmək planının bir hissəsidir. Geotermal enerji ilə məlumat mərkəzlərini işlətmək təkcə ətraf mühiti qorumaqla kifayətlənmir, həm də enerjinin fasiləsiz və davamlı olmasını təmin edir.

Beləliklə, "Google"un bu qərarı həm texnologiya dünyası, həm də ətraf mühitin qorunması baxımından çox mühüm bir addımdır. Tayvan kimi ölkələr üçün isə bu, yeni enerji imkanlarının inkişafı deməkdir.

© copyright 2022 | tech.az | info@tech.az