“Google Translate”in veb versiyasına şəkillərin tərcüməsi funksiyası əlavə edilib.
Bununla da, daha əvvəl mobil versiyada mövcud olan şəkillərin tərcüməsi funksiyası masaüstü versiya üçün də əlçatan olub. Qeyd edək ki, “Google Lens” uzun müddətdir fotoları tərcümə edir. Lakin bu funksiya yalnız hansısa sayta yüklənmiş fotoşəkillər üçün istifadə oluna bilirdi. kompüterdə olan şəklin tərcüməsini etmək mümkün deyildi.
Bu yeniliklə “Translate.google.com”da bu problem həll olunub və yüklənən fotolardakı mətnlərin tərcüməsi artıq mümkündür.
Bəs bu funksiyadan necə istifadə etmək olar?
“Google Translate” səhifəsini açdığınız zaman yuxarıdakı “Text”in yanında “Image” seçimini görəcəksiniz. Bu seçimə keçdiyiniz zaman sizdən kompüterinizdən bir şəkil yükləməyiniz istəniləcək.
Şəkli yüklədiyiniz zaman mətni tərcümə etmək istədiyiniz dili seçmək lazımdır. “Google” avtomatik olaraq şəkildəki mətni aşkar edib tərcümə edəcək. Əgər yuxarı sol tərəfdəki “Orijinalı göstər”i seçsəniz, fotonun həm orijinalını, həm də tərcümə edilmiş versiyasını eyni zamanda görə bilərsiniz.
“Google” burada sizə iki seçim təklif edir. Siz mətni kopyalaya və ya tərcümə edilmiş şəkli yükləyə bilərsiniz. Bununla belə internet üzərindən etdiyiniz bu tərcümədə mətnin səsli versiyasını dinləmək mümkün deyil.