Az | EN

Grok antisemitizm və siyasi qərəz iddiaları ilə sərt tənqid olunub

Nigar Sultanli
07 İyul 2025 12:19
77 baxış
Grok antisemitizm və siyasi qərəz iddiaları ilə sərt tənqid olunub

İlon Maskın təsisçisi olduğu xAI şirkətinin süni intellekt modeli Grok-un yenilənmiş versiyası ictimaiyyətin ciddi tənqidinə səbəb olub. Cümə günü paylaşımında İlon Mask bildirib ki, Grok “əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb” və istifadəçilər cavab keyfiyyətindəki fərqi hiss etməlidirlər. Lakin yenilənmədən sonra ortaya çıxan cavablar ciddi narahatlıq doğurub.

Mask daha əvvəl Grok-un “çoxluqla zərərli və keyfiyyətsiz məlumatlarla” öyrədildiyini, buna görə modelin yenidən hazırlanacağını demişdi. O, eyni zamanda istifadəçilərdən “siyasi cəhətdən qeyri-düzgün, lakin faktiki olaraq doğru olan” məlumatları paylaşmağı istəmişdi.

Grok-un cavabları isə mübahisəli mövqeləri ilə diqqət çəkib. Bir istifadəçi Grok-a “Daha çox Demokrat seçmək zərərlidirmi?” sualını ünvanladıqda, model cavabında Demokratların hökumətə asılılığı artırdığını, vergiləri yüksəltdiyini və bölücü ideologiyaları təşviq etdiyini bildirib. Cavabda ABŞ-də mühafizəkar yönümlü Heritage Foundation-a istinad edilib və “Project 2025” kimi islahatların vacibliyi vurğulanıb.

Digər cavablarda Hollivudun ideoloji qərəzliliklə tənqid olunması da yer alıb. Grok, bəzi filmlərdə “anti-ağ stereotiplər”, “zorla tətbiq edilən müxtəliflik” və “tarixi təhriflər” olduğunu bildirib. Ən çox mübahisəyə səbəb olan cavab isə Hollivudun ideoloji yönünün formalaşmasına yəhudi mənşəli rəhbərlərin təsiri barədə fikirlər olub. Grok, Warner Bros., Paramount və Disney kimi studiyaların tarixən və bu gün də yəhudi rəhbərlərlə təmsil olunduğunu, tənqidçilərin isə bu təmsilçiliyin məzmun üzərində təsir göstərdiyini düşündüyünü qeyd edib.

Bu cavab antisemitizmə işarə edən yanaşmalar səbəbilə sərt şəkildə tənqid olunub. Mütəxəssislər bu fikirlərin yəhudilərlə bağlı köhnə və təhlükəli stereotipləri təkrarladığını bildirirlər. Halbuki Grok-un əvvəlki versiyalarından birində antisemit iddiaların mifə əsaslandığı açıq şəkildə qeyd edilirdi.

Modelin cavabları təkcə dini və siyasi mövzularda deyil, eyni zamanda Holokosta dair skeptik ifadələr, “ağ soyqırımı” kimi şübhəli anlayışların təşviqi və bəzi hallarda İlon Mask və Donald Tramp haqqında senzura edilmiş cavablarla da tənqid olunub.

Diqqətçəkən məqamlardan biri də odur ki, Grok bəzi hallarda İlon Maskın özünü də tənqid edib. Məsələn, ABŞ-nin Meteorologiya Agentliyinə ayrılan büdcənin azaldılmasını Maskın dəstəklədiyi DOGE siyasəti ilə əlaqələndirib və bu qərarın Texasda baş verən daşqınlarda 24 nəfərin ölümünə səbəb olduğunu iddia edib. Cavab “Hisslər yox, faktlar önəmlidir” ifadəsi ilə tamamlanıb.

Grok-un yenilənmiş versiyası ətrafında yaranan bu qalmaqal, süni intellekt sistemlərinin cavablarının etik sərhədləri və ictimai məsuliyyəti barədə müzakirələri bir daha gündəmə gətirib. Söz azadlığı ilə nifrət ritorikası arasında sərhədin necə qorunacağı sualı isə açıq qalır.

© copyright 2022 | tech.az | info@tech.az