X ( keçmiş Twitter ) İlon Maskın sosial şəbəkəni satın almasından bir il sonra şirkət miqyasında görüş keçirib.
Mask 2024-cü ildə X-in “tam xüsusiyyətli tanışlıq platforması” olacağını bildirib. Sahibkar sosial şəbəkənin hansı funksiyaları buna imkan verəcəyini və istifadəçilərin belə bir müraciətinin olub-olmadığını açıqlamayıb. X partnyor tapmaq üçün bir çox xidmətlərdə olduğu kimi xüsusi ödənişli abunəliklər tətbiq edə bilər.
Gələn il X həm də “rəqəmsal bank” kimi fəaliyyətə başlamalıdır - “istifadəçilərin istəyib-istəməməsindən asılı olmayaraq”. “Pul, qiymətli kağızlar, nə istəsəniz - hamısı bizim platformamızda olacaq. Mən isə dostuma 20 dollar köçürməkdən danışmıram. Söhbət ümumiyyətlə bank hesablarına ehtiyacın olmamasından gedir”, – Maskın sözlərini “The Verge” nəşri sitat gətirib.
X artıq ABŞ-ın doqquz ştatında maliyyə xidmətləri lisenziyası alıb. The Verge mənbələri bildirirlər ki, Mask qalanları "yaxın aylarda" həll etməyi gözləyir.