Az | EN

INMerge Ventures ilk investisiyasını gürcü startapı CARGON-a edib

Cəmil Hüseynzadə
24 Dekabr 2025 13:25
42 baxış
INMerge Ventures ilk investisiyasını gürcü startapı CARGON-a edib

INMerge Ventures Gürcüstanda təsis olunmuş logistika texnologiyaları startapı CARGON-a investisiya etdiyini elan edib. İnvestisiya Orta Dəhliz boyunca rəqəmsal logistika həllərinin inkişafına və regionlararası ticarətin gücləndirilməsinə yönəlib.

CARGON Orta Dəhliz üzərində fəaliyyət göstərən rəqəmsal yükdaşıma startapıdır. Startap yük göndərənlər və daşıyıcılar arasında əlaqəni tam rəqəmsal mühitdə təmin edir, digital freight forwarding və inteqrasiya olunmuş maliyyə həlləri vasitəsilə ənənəvi və parçalanmış logistika bazarında səmərəliliyi və şəffaflığı artırmağı hədəfləyir. CARGON hazırda Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Avropa istiqamətlərində böyümə mərhələsindədir.

INMerge Ventures-in CARGON-a investisiya etməsinin əsas səbəblərindən biri Orta Dəhlizin strateji əhəmiyyətinin sürətlə artmasıdır. Fond bu marşrut üzrə ticarət həcmlərinin genişlənməsi fonunda texnologiya əsaslı logistika həllərinə artan tələbatı və CARGON-un regional bazarlarda miqyaslana bilən biznes modelini perspektivli hesab edir.

Qeyd edək ki, INMerge Vençur Kapital Fondu 2024-cü ildə PAŞA Holding-in təşkilatçılığı ilə keçirilən INMerge innovasiya sammiti çərçivəsində təsis edilib. Fondun investisiya strategiyası Qafqaz və Mərkəzi Asiya, Mərkəzi və Şərqi Asiya, eləcə də Yaxın Şərq və Şimali Afrika regionlarından olan startaplara yönəlib.

Fondun təsisçiləri arasında PASHA Innovations, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan İnvestisiya Şirkəti və Trendyol Qrupu yer alır. INMerge Ventures investisiya etdiyi startaplara maliyyə dəstəyi ilə yanaşı, strateji mentorluq, biznes inkişafı və beynəlxalq şəbəkələrə çıxış imkanları təqdim edir.

CARGON startapı açıqlamasında bildirib ki, INMerge Ventures-in investisiyası onun böyümə strategiyasında mühüm mərhələdir və Orta Dəhliz üzrə ən böyük rəqəmsal yükdaşıma platformasını qurmaq məqsədinə xidmət edir.

© copyright 2022 | tech.az | info@tech.az