Qazaxıstanın alternativ şəhər nəqliyyatı startapı UvU yeni investisiya alıb. Şirkətə investisiya edən tərəflərdən biri regional venture kapital fondu INMerge Ventures olub. Startap hazırda Qazaxıstan və Səudiyyə Ərəbistanında fəaliyyət göstərir və 45-dən çox korporativ və məktəb müştərisinə xidmət edir.
UvU şəhər daxilində marşrut üzrə sərnişin daşınması modeli qurur. Platforma taksi ilə ənənəvi ictimai nəqliyyat arasında yerləşən yeni nəqliyyat xidməti təqdim edir. İstifadəçilər tətbiq üzərindən marşrut və vaxt seçir, sistem isə uyğun nəqliyyat marşrutunu avtomatik formalaşdırır.
Startap 2021-ci ildə Madiyar Toleuqalinin rəhbərliyi ilə fəaliyyətə başlayıb. İlk mərhələdə uşaqlar və qadınlar üçün təhlükəsiz nəqliyyat xidməti təqdim edən şirkət sonradan modelini dəyişərək şəhərdaxili kollektiv nəqliyyat xidmətinə fokuslanıb. Hazırda Almatıda 200 mikroavtobus fəaliyyət göstərir və şirkət ilin sonuna qədər bu rəqəmi 500-ə çatdırmağı planlaşdırır.
Şirkətin hesablamalarına görə, 500 aktiv mikroavtobus gündə təxminən 10 min şəxsi avtomobili əvəz edə bilər. Bu isə şəhərdə tıxacların və zərərli emissiyaların azalmasına təsir göstərə bilər.
