Meta şirkətinə məxsus Instagram platforması “Instagram Plus” adlı yeni abunə modelinin testlərinə başlayıb. Bu barədə Engadget və TechCrunch məlumat yayıb.
Məlumata görə, xidmət hazırda Meksika, Yaponiya və Filippində məhdud istifadəçi qrupları arasında sınaqdan keçirilir. Abunə haqqı regiondan asılı olaraq dəyişir: Meksikada 39 peso, Yaponiyada 319 yen, Filippində isə 65 peso təşkil edir ki, bu da təxminən 1–2 ABŞ dollarına bərabərdir.
Yeni “Instagram Plus” abunəsi istifadəçilərə bir sıra əlavə imkanlar təqdim edir. Bunlara “Hekayələr”ə (Stories) anonim baxış — yəni müəllifin bunu görməməsi, təkrar baxış statistikası və auditoriya siyahılarının (məsələn, “Yaxın dostlar”) limitsiz şəkildə yaradılması daxildir.
Bundan əlavə, istifadəçilər “Hekayə”lərin paylaşım müddətini əlavə 24 saat uzada, animasiyalı reaksiyalar əlavə edə və baxanlar siyahısında konkret istifadəçiləri axtara biləcəklər.
Şirkət hələlik bu funksiyanın qlobal istifadəyə nə vaxt təqdim ediləcəyini açıqlamayıb.

