Az | EN

xAI şirkətində son həmtəsisçi də ayrıldı - komanda sıfırdan qurulur

Cəmil Hüseynzadə
30 Mart 2026 09:21
54 baxış
xAI şirkətində son həmtəsisçi də ayrıldı - komanda sıfırdan qurulur

2026-cı ilin mart ayında İlon Maskın rəhbərlik etdiyi xAI şirkətində genişmiqyaslı kadr dəyişiklikləri davam edir. Məlumata görə, şirkətin həmtəsisçilərindən biri olan Ross Nordin 27 mart 2026-cı ildə vəzifəsindən ayrılıb. Onun sosial şəbəkə profilindən xAI əməkdaşlarına məxsus nişanın da silindiyi qeyd olunur.

Ross Nordin 2023-cü ildə xAI-nin yaradılmasında iştirak edən 11 mühəndisdən biri idi. O, daha əvvəl Tesla şirkətində çalışıb. Bildirilir ki, Nordin birbaşa İlon Maska tabe idi və şirkətdə əsas koordinasiya proseslərini idarə edən əsas fiqurlardan biri sayılırdı.

Son illər ərzində xAI-dən bir sıra mühüm şəxslər ayrılıb. 2024–2025-ci illərdə ilk əməkdaşlardan Kayl Kosiç, eləcə də həmtəsisçilər Kristian Seqedi və İqor Babuşkin şirkəti tərk ediblər. Babuşkin daha sonra öz layihəsi üzərində işləməyə başlayıb.

2026-cı ilin əvvəlində isə digər həmtəsisçilər — Toni Vu, Cimmi Ba, Qreq Yanq (səhhət səbəbilə ayrılıb və qeyri-rəsmi məsləhətçi kimi qalıb) və Tobi Polen də şirkətdən gediblər.

Mart ayında İlon Mask bildirib ki, xAI başlanğıcdan düzgün qurulmayıb və buna görə şirkət sıfırdan yenidən təşkil olunur. Həmin dövrdə daha iki mühüm əməkdaş — Qodun Çjan və tədqiqatçı Zıhan Day da şirkətdən ayrılıb.

Bundan əlavə, 26 mart 2026-cı ildə Manuel Kroissun da xAI-dən ayrıldığı məlum olub. O, süni intellekt modellərinin böyük məlumat bazaları üzərində ilkin təlim prosesinə rəhbərlik edir və proqramlaşdırma modellərinin inkişafı ilə məşğul olurdu.

Beləliklə, xAI-ni quran əsas həmtəsisçilərin hamısı artıq şirkətdən ayrılıb və İlon Maskın planına uyğun olaraq komanda tamamilə yenidən formalaşdırılır.

© copyright 2022 | tech.az | info@tech.az