Wikipedia könüllü redaktor icmasının səsverməsi ilə qəbul edilən yeni siyasətə əsasən, məqalələrin yazılmasında süni intellektdən istifadəyə qadağa qoyub. 27 mart 2026-cı ildə açıqlanan qərara görə, artıq məzmunun yaradılması və ya yenidən yazılması üçün böyük dil modellərinin (LLM) istifadəsi açıq və qəti şəkildə yasaqlanır.
Daha əvvəl bu məsələ ilə bağlı qeyri-müəyyən ifadələr işlədilsə də, son dəyişikliklə qaydalar daha sərtləşdirilib. Uzun müddətdir müzakirə olunan bu qərar icma daxilində keçirilən səsvermədə böyük üstünlüklə — 40 lehinə, 2 əleyhinə səslə qəbul edilib.
Bununla belə, platforma süni intellekti tamamilə qadağan etməyib. Yeni qaydalara əsasən, redaktorlar yalnız öz yazdıqları mətnlər üzərində əsas düzəlişlər və redaktə təklifləri almaq üçün süni intellektdən istifadə edə bilərlər. Ancaq bu zaman süni intellektin mətnə yeni məlumat əlavə etməsinə icazə verilmir və bütün dəyişikliklər mütləq insan tərəfindən diqqətlə yoxlanmalıdır.
Platforma rəhbərliyi redaktorları xüsusilə “halüsinasiya” kimi tanınan süni intellekt səhvlərinə qarşı xəbərdar edib. Bildirilib ki, süni intellekt bəzən tapşırıqdan kənara çıxaraq mətnin məzmununu dəyişə və mənbələrlə təsdiqlənməyən yanlış məlumatlar yarada bilər.
