İntel, öz fəaliyyətlərini dəstəkləmək və bazardakı mövqeyini bərpa etmək üçün Apple şirkəti ilə danışıqlar aparır. Danışıqların əsas mövzusu Apple-ın İntel-in çip istehsalına potensial yatırımı ilə bağlıdır.
Danışıqlar, eyni zamanda, iki şirkət arasında “daha sıx” əməkdaşlığın digər yolları barədə də aparılır. Lakin mənbələr qeyd edir ki, danışıqlar hələ ilkin mərhələdədir və razılaşma ilə nəticələnməyə bilər. Bildirilir ki, İntel analoji təkliflərlə digər şirkətlərə də müraciət edib.
Agentlik, razılaşma əldə olunsa belə, Apple-ın İntel-in çiplərinə qayıtma ehtimalının az olduğunu vurğulayır. Hazırda Apple öz prosessorlarını istifadə edir və bu çiplər TSMC tərəfindən istehsal olunur.
Son illərdə İntel bazardakı payının azalması ilə üzləşib. Bu durum şirkətdə maliyyə problemlərinə, inkişaf templərinin yavaşlamasına və işçi heyətinin ixtisarına səbəb olub.
2025-ci ilin avqust ayında İntel, öz səhmlərinin 10%-ni ABŞ hökumətinə verməyə razılaşmışdı. Ticarət naziri Howard Latnik bildirmişdi ki, hökumət, keçmiş prezident Co Baydenin administrasiyası dövründə təsdiq edilən qrantları səhmlərə çevirmək istəyir.
2025-ci ilin sentyabr ayında isə Nvidia İntel-ə 5 milyard dollar sərmayə qoyacağını elan etmişdi. Həmçinin hər iki şirkət çiplərin birgə istehsalını inkişaf etdirməyi planlaşdırır.
Bu danışıqlar İntel-in maliyyə vəziyyətini yaxşılaşdırmaq və texnologiya bazarındakı gücünü bərpa etmək üçün atdığı addımlardan biri kimi qiymətləndirilir.