Intel-in süni intellekt sahəsində əsas simalarından biri olan və bu ilin aprelində CTO (baş texnologiya direktoru) vəzifəsinə təyin edilən Saçin Katti, cəmi 6 ay sonra istefa verərək OpenAI komandasına qoşulub.
Intel məlumatı rəsmi şəkildə təsdiqləyib. Bildirilib ki, şirkətin CEO-su Lip-Bu Tan Kattinin vəzifələrini müvəqqəti olaraq öz üzərinə götürəcək.
Katti 2021-ci ildən Intel-də çalışırdı və şirkətin Nvidia və AMD kimi rəqibləri qarşısında süni intellekt strategiyasının formalaşdırılmasında mühüm rol oynamışdı. O, Intel-in ən çətin dövrlərində şirkətin Sİ və çip texnologiyaları üzrə yönünü müəyyən edən əsas fiqurlardan biri hesab olunurdu.
Kattinin gedişi, Intel-in son aylarda davam edən rəhbərlik dəyişikliklərinin bir hissəsidir. Son dövrlərdə şirkətdən bir neçə yüksək səviyyəli menecer ayrılıb:
- Justin Hotard (Data Mərkəzi və Sİ bölməsi rəhbəri) yazda Nokia-nın CEO-su olmaq üçün istefa verib,
- Safroadu Yeboah-Amankwah (CSO) yayda vəzifəsini tərk edib,
- Michelle Johnston Holthaus (çip bölməsinin rəhbəri və keçmiş icraçı direktor) isə sentyabrda 30 ildən çox çalışdığı Intel-dən ayrıldığını açıqlayıb.
Amerika texnologiya nəhəngi Intel hazırda süni intellekt və data mərkəzi yönümlü strategiyalarla bazarda mövqeyini gücləndirməyə çalışır, lakin rəhbər komandasındakı bu dəyişikliklər şirkətin yenidən qurulma prosesini çətinləşdirə bilər.
