Az | EN

İran böyükmiqyaslı kiberhücuma məruz qalıb

Nigar Sultanli
28 Aprel 2025 10:48
88 baxış
İran böyükmiqyaslı kiberhücuma məruz qalıb

İranın İnfrastruktur Kommunikasiya Şirkətinin rəhbəri Behzad Akbari bildirib ki, "ölkənin infrastrukturuna qarşı ən geniş və mürəkkəb kiber hücumlardan biri aşkar edilib və qarşısının alınması üçün tədbirlər görülüb." Lakin, o, hücumun detalları barədə əlavə məlumat verməyib.

Bu hadisə, İranın nüvə proqramı ilə bağlı ABŞ-la Oman vasitəsilə apardığı danışıqların üçüncü raundunun başa çatdığı, eyni zamanda ölkənin ən böyük konteyner limanı olan Bəndər-Abbasda güclü bir partlayışın baş verdiyi günə təsadüf edir. Partlayışın səbəbi hələ də dəqiq məlum deyil, amma limanda saxlanılan kimyəvi maddələrin hadisəyə səbəb olduğu ehtimal edilir. İran Müdafiə Nazirliyi isə bəzi beynəlxalq media qurumlarının partlayışın raketlərdə istifadə edilən bərk yanacaqla bağlı ola biləcəyi iddialarını təkzib edib.

İran əvvəllər də İsraili əsas rəqibi olaraq kiber hücumlarda ittiham edib. İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü etdiyi açıqlamada bildirib ki, İranın nüvə infrastrukturunun yalnız nüvə silahlarının inkişafının qarşısı alınmaqla məhdudlaşmamalı, tamamilə dağıdılmalıdır.

Qeyd edək ki, 2021-ci ildə İranın yanacaqdoldurma məntəqələrinə qarşı böyük bir kiber hücum baş vermişdi və Tehran bu hücumun İsrail tərəfindən edildiyini iddia etmişdi. 2023-cü ildə isə daha böyük bir hücum nəticəsində ölkənin yanacaqdoldurma məntəqələrinin təxminən 70%-i işini dayandırmışdı. Bu hücumu "Predatory Sparrow" adlı qrup öz üzərinə götürərək, bunu "İranın və onun regiondakı tərəfdarlarının aqressiyasına cavab" olaraq qiymətləndirmişdi.

© copyright 2022 | tech.az | info@tech.az