İran hökuməti 2018-ci ildən bəri ölkə ərazisində bloklanan Telegram messencerinin yenidən fəaliyyətə başlamasına razılıq verə bilər. Bunun üçün isə platforma bir sıra şərtləri yerinə yetirməlidir.
Uzun illər davam edən qarşıdurma
İslam Respublikası ilə Telegram-ın yaradıcısı Pavel Durov arasındakı qarşıdurma hələ 2017–2018-ci illərdə başlamışdı. Tehran hesab edir ki, Telegram dövlət əleyhinə təbliğat və etirazların təşkilində istifadə olunur, Durov isə platformanın əsas məqsədinin söz və informasiya azadlığını qorumaq olduğunu bildirir.
2017-ci ilin sonlarında İranda baş verən kütləvi etirazlardan sonra hökumət əvvəlcə Telegram-a qismən məhdudiyyət qoydu, 2018-ci ilin aprelində isə messenceri tamamilə blokladı. Rəsmilər bunu “terror aktlarının və iğtişaşların Telegram üzərindən koordinasiya olunması” ilə əsaslandırmışdılar.
Tehranın yeni tələbləri
İranın dövlət agentliyi WANA xəbər verir ki, messencerin açılması üçün Telegram rəhbərliyinə aşağıdakı tələblər təqdim olunub:
- Etnik və dini zəmində nifrət və qarşıdurma yaradan kontentin məhdudlaşdırılması;
- Vətəndaşların şikayətləri əsasında paylaşımların silinməsi;
- İran məhkəmələri və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq;
- Terrorçuluq və milli təhlükəsizliyə təhdid yaradan kanalların bloklanması;
- İstifadəçi məlumatlarının xarici xüsusi xidmət orqanlarına ötürülməyəcəyinə təminat verilməsi.
Məlumata görə, İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Telegram nümayəndələri ilə danışıqlar aparır. Lakin messencerin rəhbərliyi hələlik ictimai açıqlama vermir.
Tələblər əvvəlkindən çox da fərqlənmir
Ekspertlərin fikrincə, bu gün irəli sürülən tələblər 2018-ci ilin şərtlərindən demək olar ki, fərqlənmir. Tehran hələ də istəyir ki, Telegram etirazların təşkili üçün platforma kimi istifadə edilməsin, “təxribat xarakterli” kontent sürətlə silinsin və ölkə vətəndaşlarının məlumatları kənara çıxarılmasın.
İranda Telegram fenomeni
2018-ci ildə İranda təxminən 70 milyon əhalinin 50 milyona yaxını Telegram istifadəçisi idi. Messencer ölkədə təkcə ünsiyyət vasitəsi deyil, həm də biznes, media və xidmət platforması rolunu oynayırdı. Yerli sahibkarlar bildirirdilər ki, “İranda internet demək, demək olar ki, Telegram deməkdir”.
Durovun mövqeyi dəyişməz qalır
Telegram-ın yaradıcısı Pavel Durov dəfələrlə bildirib ki, senzuraya və təzyiqlərə boyun əyməyəcək:
“İran bizdən dinc etirazçılara aid kanalları bağlamağı istədi. Biz imtina etdik və nəticədə Telegram orada qadağan edildi. Biz azad interneti qorumaq üçün bəzi bazarlardan imtina etməyə hazırıq.”
Müşahidəçilərin fikrincə, Durov öz prinsipial mövqeyindən dönmədiyi üçün Telegram-un İran hökumətinin bütün tələblərini yerinə yetirməsi real görünmür. Bununla belə, əgər kompromis variant tapılarsa, şirkətin bu razılaşmanı tam şəffaf şəkildə ictimaiyyətə açıqlayacağı gözlənilir.
