2026-cı ilin ilk rübündə İrlandiyadan Azərbaycana göndərilən pul vəsaitlərinin həcmi 24,6 milyon dollara çatıb. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 dəfə artıb. Bununla da İrlandiya Rusiya və Türkiyədən sonra Azərbaycana ən çox pul göndərən üçüncü ölkə olub.
İlk baxışda bu statistika qeyri-adi görünür. Çünki İrlandiya Azərbaycandan böyük əmək miqrasiyasının olduğu ölkələrdən biri deyil. Tech.az Medianın araşdırmasına görə, artımın əsas səbəbi fərdi pul köçürmələrindən daha çox rəqəmsal iqtisadiyyat və qlobal texnologiya platformaları ilə bağlı ola bilər.
Məlum olduğu kimi, Google, Meta, TikTok, LinkedIn, X və digər iri texnologiya şirkətlərinin Avropa üzrə hüquqi şəxsləri və regional mərkəzləri əsasən İrlandiyada qeydiyyatdan keçib. Azərbaycanda fəaliyyət göstərən çoxsaylı fərdi sahibkarlar, marketinq agentlikləri, kontent yaradıcıları, proqramçılar və rəqəmsal xidmət ixracatçıları bu platformalar üzərindən gəlir əldə edirlər.
Məsələn, Google reklam gəlirləri, YouTube monetizasiyası, tətbiq satışları, Meta platformaları üzərindən həyata keçirilən əməkdaşlıqlar, eləcə də müxtəlif beynəlxalq rəqəmsal xidmət ödənişləri çox vaxt İrlandiyada qeydiyyatdan keçmiş şirkətlər vasitəsilə həyata keçirilir. Bu səbəbdən vəsaitlərin mənbə ölkəsi kimi statistikada İrlandiya görünür.
Başqa sözlə, statistikadakı artımın əsas səbəbi İrlandiyaya köçən azərbaycanlıların sayının çoxalması deyil, Azərbaycandan xaricə rəqəmsal xidmət satan və ya qlobal texnologiya platformaları ilə əməkdaşlıq edən şəxslərin əldə etdiyi gəlirlərin artması ola bilər.
Bu tendensiya həm də Azərbaycanın rəqəmsal iqtisadiyyatının genişləndiyini, yerli mütəxəssislərin və şirkətlərin qlobal platformalar üzərindən daha çox gəlir əldə etməyə başladığını göstərən mühüm siqnal kimi qiymətləndirilə bilər.
Məlumatdan istifadə edərkən hyberlink ilə istinad vacibdir.
