Az | EN

Kibertəhlükəsizliyin təmin edilməsi ilə bağlı pozuntulara görə cərimələr müəyyənləşir

Cəmil Hüseynzadə
23 İyun 2026 14:42
30 baxış
Kibertəhlükəsizliyin təmin edilməsi ilə bağlı pozuntulara görə cərimələr müəyyənləşir

Azərbaycanda kibertəhlükəsizlik sahəsində qanunvericiliyin tələblərini pozan fiziki və hüquqi şəxslər üçün yeni cərimələr tətbiq oluna bilər. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə edilib.

Layihəyə əsasən, informasiya infrastrukturunun subyektləri, internet və host provayderlər, eləcə də kompüter insidentlərinə qarşı mübarizə və təhlükəsizlik əməliyyatları mərkəzləri kibertəhlükəsizliklə bağlı öhdəliklərini yerinə yetirmədikdə məsuliyyət daşıyacaqlar. Buraya səlahiyyətli qurumun göstərişlərinin icra edilməməsi, kiberhücum və insidentlər barədə məlumatların vaxtında təqdim olunmaması, sorğuların müəyyən edilmiş müddətdə cavablandırılmaması, eləcə də monitorinq və ilkin texniki müdaxilə tədbirlərinin həyata keçirilməməsi daxildir.

Təklif olunan dəyişikliklərə görə, bu tələblərin pozulmasına yol verən vəzifəli şəxslər 500 manatdan 1000 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 2000 manatadək cərimələnəcəklər.

Bundan əlavə, müvafiq dövlət reyestrinə daxil edilmədən kompüter insidentlərinə qarşı mübarizə mərkəzi və ya təhlükəsizlik əməliyyatları mərkəzi kimi fəaliyyət göstərən şəxslər üçün də cərimələr nəzərdə tutulur. Bu halda vəzifəli şəxslər 1000-1500 manat, hüquqi şəxslər isə 1500-2500 manat məbləğində cərimə ödəyəcəklər.

© copyright 2022 | tech.az | info@tech.az