Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Əmək və sosial siyasət komitələrinin birgə iclasında kraudfandinq fəaliyyəti və valyuta əməliyyatları ilə bağlı inzibati məsuliyyət tədbirlərini nəzərdə tutan qanun layihəsi müzakirə olunub.
Layihəyə əsasən, kraudfandinq platformalarının operatorları qanunvericiliklə tələb olunan məlumatları açıqlamadıqda və ya dərc etmədikdə vəzifəli şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 3000-4000 manat məbləğində cərimələnəcəklər.
Həmçinin fəaliyyət hesabatlarının Mərkəzi Banka təqdim edilməsindən yayınma, təhrif olunmuş məlumatların verilməsi və ya hesabatların gecikdirilməsi hallarında vəzifəli şəxslər üçün 1000-1500 manat, hüquqi şəxslər üçün isə 2000-3000 manat cərimə nəzərdə tutulur.
Platformanın idarə olunması ilə bağlı sənədlərin və məlumatların saxlanılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 500-600 manat, hüquqi şəxslər isə 1000-1500 manat məbləğində cərimə ödəyəcəklər.
Bundan əlavə, kraudfandinq sahəsində pul vəsaitlərinin idarə olunması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 2000-3000 manat, hüquqi şəxslər isə 6000-7000 manat məbləğində cərimələnəcəklər. Kampaniyaların keçirilməsi qaydalarının pozulması isə vəzifəli şəxslər üçün 2000-3000 manat, hüquqi şəxslər üçün 4000-5000 manat cərimə ilə nəticələnəcək.
Qanun layihəsində valyuta tənzimi ilə bağlı tələblərin pozulmasına görə də yeni sanksiyalar yer alıb. Xaricə köçürmələr zamanı tələb olunan sənədlərin vaxtında təqdim edilməməsi və ya xaricdən geri qaytarılmalı vəsaitlərin müəyyən olunmuş müddətdə ölkəyə gətirilməməsi hallarında fiziki, vəzifəli və hüquqi şəxslər valyuta vəsaitinin məbləğindən asılı olaraq faizlə hesablanan cərimələrlə üzləşəcəklər.
