Meta şirkəti əməkdaşların fəaliyyətini izləmək və əldə olunan məlumatlardan süni intellekt modellərinin təlimində istifadə etmək məqsədilə tətbiq etdiyi proqramı müvəqqəti dayandırıb. Bu qərar şirkət daxilində baş verən məlumat sızmasından sonra qəbul edilib.
Məlumata görə, işçilərin şəxsi yazışmaları, danışıq mətnlərinin transkriptləri və performans göstəriciləri şirkət daxilində əlçatan olub. Hadisənin miqyası açıqlanmasa da, Meta məlumat sızmasını təsdiqləyərək araşdırmalara başladığını bildirib.
Qeyd edək ki, bu ilin aprel ayında Reuters agentliyi Meta-nın ABŞ-də çalışan əməkdaşların kompüterlərinə Model Capability Initiative (MCI) adlı korporativ proqram quraşdırdığını yazmışdı. Sistem siçan hərəkətlərini, klaviatura düymələrinin istifadəsini izləyir, həmçinin ekran görüntüləri toplayırdı. Şirkət həmin məlumatların süni intellekt sistemlərinin insan-kompüter qarşılıqlı əlaqəsini daha yaxşı öyrənməsi üçün istifadə olunduğunu açıqlamışdı.
Meta daha əvvəl bildirmişdi ki, toplanan məlumatlar işçilərin fəaliyyətinin qiymətləndirilməsi üçün istifadə edilməyəcək və həssas məlumatların qorunması üçün xüsusi təhlükəsizlik tədbirləri görüləcək. Lakin proqram xüsusilə şirkətdə aparılan geniş ixtisarlar fonunda əməkdaşların narazılığına səbəb olmuşdu. ABŞ və Böyük Britaniyadakı ofislərdə sistemə qarşı etiraz kampaniyaları təşkil edilmiş, imza toplama aksiyaları keçirilmişdi.
Business Insider nəşrinin yaydığı son məlumata əsasən, daxili məlumat sızmasından sonra Meta proqramın fəaliyyətini dayandırıb və insidentin səbəblərini araşdırır.
