İsraildə fəaliyyət göstərən Exodigo texnologiya şirkəti, yerin altında olan boru xətləri, elektrik və digər kommunikasiyaları qazmadan tapıb xəritələşdirən xüsusi sistemlər hazırlayıb. Şirkət bu sahədə 96 milyon dollar dəyərində yeni investisiya əldə edib. Bu investisiya ilə şirkətin ümumi dəyəri 600-700 milyon dollar arasında qiymətləndirilir və bu rəqəm iki il əvvəlkindən iki dəfə çoxdur.
Exodigo-nun yaratdığı texnologiya İsrail Müdafiə Qüvvələrinin xüsusi kəşfiyyat bölmələrinin inkişaf etdirdiyi biliklərə əsaslanır. Bu texnologiya tikinti və infrastruktur şirkətlərinə yeraltında gizlənmiş bütün mühüm xətləri qazıntı aparmadan tapmağa və buna görə layihələri daha sürətli və ucuz şəkildə həyata keçirməyə imkan verir.
Yeni investisiya əsasən şirkətin əvvəldən dəstək verən investorları tərəfindən verilib. Onların arasında dünyanın ən tanınmış investorlarından olan Peter Thiel də var. ABŞ-dən böyük investorların bu raundda olmaması diqqət çəkir, amma növbəti mərhələlərdə onların da qoşulacağı gözlənilir.
Şirkət artıq ABŞ-də fəaliyyətini genişləndirib və tikinti şirkətlərinə öz avadanlıqlarını icarəyə verməyə başlayıb. Bu isə Exodigo-nun xidmətlərini daha çox şirkətə çatdırmasına şərait yaradır. Gələcəkdə isə bu avadanlıqların içində dronlar, əlavə sensorlar və digər cihazlar olacaq ki, şirkətlər yeraltı məlumatları özü-özləri toplaya bilsinlər.
Exodigo-nun iki əsas məhsulu var: biri yeraltı boru xətləri və kabelləri tapmaq, digəri isə torpağın içindəki müxtəlif təbəqələri və maddələri (məsələn, gil, su) təyin etməkdir. Bu məlumatlar sonradan süni intellekt vasitəsilə işlənib tikinti şirkətlərinə ən yaxşı həll yollarını təklif edir.
Şirkətin rəhbəri Ceremi Suard deyir ki, onlar yeraltı kommunikasiyaların 99%-ni qazıntı aparmadan tapmağı bacarırlar ki, bu da sənayedə böyük bir irəliləyişdir.
Xidmətlər baha ola bilər, amma tikinti işlərinin gecikməsi və əlavə xərclərdən qorunmaq üçün bu, sərfəli seçimdir. Şirkətin illik gəliri 20-30 milyon dollar arasındadır və bu il uzunmüddətli müqavilələrlə gəliri 100 milyon dollara çatdırmağı planlaşdırır.
İnvestor Oren Zeev isə əlavə edir ki, Exodigo-nun texnologiyası çox böyük bazarda çox böyük pula qənaət edə bilər və şirkət gələcəkdə dünya səviyyəsində lider mövqeyə sahib olacaq.