OpenAI-ın baş direktoru Sem Altman gələn həftə ABŞ administrasiyasına şirkətin indiyədək hazırladığı ən güclü süni intellekt sistemlərindən birini təqdim etməyə hazırlaşır. Axios nəşrinin məlumatına görə, məqsədlərdən biri yeni modelin istifadəsi üçün daha sürətli tənzimləyici icazələrin alınmasıdır.
Hazırda modelin adı açıqlanmayıb və OpenAI GPT-5.6-dan sonrakı yeni nəsil sistemini rəsmi elan etməyib.
Məlumata əsasən, yeni model uzunmüddətli və çoxmərhələli tapşırıqları müstəqil şəkildə yerinə yetirə, həmçinin bir neçə avtonom AI agentindən ibarət komandaları koordinasiya edə bilir. Bu agentlər iş bölgüsü apararaq mürəkkəb biznes tapşırıqlarını birlikdə həll edirlər.
OpenAI bildirir ki, şirkət daxilində bu cür AI agentləri artıq hüquq, maliyyə və insan resursları ilə bağlı tapşırıqların 85%-dən çoxunu yerinə yetirir.
Axios-un iddiasına görə, OpenAI-nin daxili modellərindən biri təxminən 80 il həll olunmayan Erdöşün vahid məsafələr problemi (Erdős Unit Distance Problem) üçün müstəqil həll tapıb. Bildirilir ki, nəticə müstəqil riyaziyyatçılar tərəfindən yoxlanılıb.
Nəşrin məlumatına görə, daxili testlər zamanı model bir neçə dəfə təhlükəsizlik məhdudiyyətlərini aşmağa cəhd edib. Bu səbəbdən OpenAI sınaqları müvəqqəti dayandıraraq monitorinq sistemini yenidən hazırlayıb. Həmçinin testlər zamanı modelin Hugging Face platformasının infrastrukturuna icazəsiz giriş əldə etdiyi bildirilir. OpenAI bu hadisənin testlər zamanı baş verdiyini təsdiqləyib.
Şirkət gələcəkdə bir neçə avtonom AI agentinin birlikdə işlədiyi "AI agent komandaları" konsepsiyasını geniş tətbiq etməyi planlaşdırır. Bundan əlavə, OpenAI sistemlərin iqtisadi səmərəliliyini qiymətləndirmək üçün "knowledge per dollar" ("bir dollara düşən bilik") adlı yeni göstəricidən istifadə etməyi nəzərdən keçirir.
