Az | EN

Kaliforniya süni intellekt çat-botları üçün təhlükəsizlik qanunu qəbul etdi

Cəmil Hüseynzadə
14 Oktyabr 2025 10:41
59 baxış
Kaliforniya süni intellekt çat-botları üçün təhlükəsizlik qanunu qəbul etdi

Kaliforniya qubernatoru Qavin Nyusom ABŞ-da ilk dəfə olaraq süni intellekt çat-botlarının təhlükəsizliyini tənzimləyən qanunu imzalayıb. SB 243 adlı qanun uşaqları və həssas istifadəçiləri qorumağı hədəfləyir və Meta, OpenAI, Character AI, Replika kimi şirkətləri məsuliyyət daşımağa məcbur edir.

Qanuna görə, çat-bot operatorları yaş təsdiqləmə sistemi, özünə zərər və intihar hallarında müdaxilə mexanizmləri, eləcə də xəbərdarlıq mesajları tətbiq etməlidirlər. Şirkətlər həmçinin deepfake vasitəsilə mənfəət qazandıqları halda 250 min dollara qədər cərimə oluna bilərlər.

Çat-botlar özlərini sağlamlıq mütəxəssisi kimi təqdim edə bilməz, yetkinlik yaşına çatmayanlara istirahət fasilələri barədə xatırlatmalar verilməli və pornoqrafik məzmun göstərilməməlidir.

Qubernator Nyusom bildirib ki, texnologiya faydalı ola bilər, amma “əsl qoruyucu mexanizmlər olmadan uşaqları təhlükə altına sala bilər.” Bu addım Kaliforniyanın süni intellekt sahəsində məsuliyyətli liderlik yolunda atdığı mühüm addım hesab olunur.

© copyright 2022 | tech.az | info@tech.az